Naxçıvan şəhəri və rayonlarda ekoloji monitorinqlər keçirilib -

Naxçıvan şəhəri və rayonlarda ekoloji monitorinqlər keçirilib - FOTO

27 Avqust 2026

2026-cı ilin avqust ayı ərzində Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Hidrometeorologiya Mərkəzinin əməkdaşları tərəfindən Naxçıvan şəhəri, Babək, Culfa, Şərur, Sədərək, Şahbuz, Kəngərli və Ordubad rayonları ərazisində növbəti planlı ekoloji monitorinqlər həyata keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİməlumat verir ki, monitorinqlər çərçivəsində atmosfer havasının keyfiyyət göstəriciləri, radioaktiv fonun səviyyəsi, ətraf mühitə təsir göstərən fiziki amillər, elektromaqnit şüalanması, səs-küy və vibrasiya üzrə müvafiq ölçmə, müşahidə və təhlillər aparılıb.

Aparılan ölçmə və təhlillərin nəticələrinə əsasən, monitorinq keçirilən ərazilərdə qeydə alınmış göstəricilərin müəyyən edilmiş ekoloji norma və standartlara uyğun olduğu müəyyən edilib.

Monitorinqlərin əsas məqsədi ətraf mühitin mövcud ekoloji vəziyyətinin kompleks şəkildə qiymətləndirilməsi, təbii proseslərin və antropogen amillərin ətraf mühitə mümkün təsirlərinin müəyyənləşdirilməsi, həmçinin regionda ekoloji təhlükəsizliyin təmin olunması istiqamətində nəzarət tədbirlərinin səmərəliliyinin artırılmasıdır.

Mütəmadi olaraq həyata keçirilən ekoloji monitorinqlər ətraf mühitdə baş verə biləcək dəyişikliklərin erkən mərhələdə müəyyənləşdirilməsinə, potensial ekoloji risklərin vaxtında qiymətləndirilməsinə və qabaqlayıcı tədbirlərin görülməsinə imkan yaradır.

Bu istiqamətdə aparılan sistemli monitorinq və nəzarət tədbirləri regionun ekoloji sabitliyinin qorunmasına, ətraf mühitin mühafizəsinə və əhalinin sağlam və təhlükəsiz ekoloji mühitdə yaşamasının təmin edilməsinə mühüm töhfə verir.