Naxçıvan məktəblərində “Rəqəmsal məktəb” platforması istifadəyə veriləcək

Naxçıvan məktəblərində “Rəqəmsal məktəb” platforması istifadəyə veriləcək

27 Avqust 2026

️Naxçıvan Muxtar Resublikasının ümumtəhsil müəssisələrində yeni tədris ilindən “Rəqəmsal məktəb” platformasına start veriləcək.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, “Rəqəmsal məktəb” platforması pilot layihə olaraq Heydər Əliyev adına tam orta məktəbində, Naxçıvan Qızlar, Şərur şəhər Fizika Riyaziyyat Təmayüllü liseyləri və Naxçıvan şəhərinin ümumtəhsil müəssisələrində həyata keçiriləcək. İlkin mərhələdə platformadan 20 ümumtəhsil müəssisəsinin 1200-dən artıq müəllimi, 14 mindən artıq şagirdi istifadə edə biləcək.  

Qeyd edək ki, “Rəqəmsal məktəb” platforması təhsilalanların, müəllimlərin, valideynlərin və məktəb rəhbərliyinin vahid rəqəmsal mühitdə fəaliyyətini təmin edən müasir onlayn təhsil platformasıdır. Platformanın əsas məqsədi tədris və idarəetmə proseslərinin rəqəmsallaşdırılması, təhsil iştirakçıları arasında kommunikasiyanın gücləndirilməsi, şəffaflığın və səmərəliliyin artırılmasıdır.

Platformada “Şagird”, “Valideyn”, “Müəllim” və “Direktor” üçün ayrıca fərdi kabinetlər yaradılıb. Şagirdlər dərs cədvəli, dərs mövzuları və tədris materiallarına çıxış əldə edir, valideynlər övladlarının qiymətlərini, davamiyyətini və təlim nəticələrini izləyə, müəllim və məktəb rəhbərliyi ilə əlaqə saxlaya bilirlər. Müəllimlər dərs cədvəllərini, siniflərini və qiymətləndirmə prosesini idarə edir, məktəb rəhbərləri isə tədris göstəricilərini, dərs cədvəllərini və qiymətləndirmə nəticələrini təhlil etmək imkanına malikdirlər.

Platformada müxtəlif fənlər üzrə elektron tədris materialları və mövzular yerləşdirilib. Eyni zamanda müəllimlərin fəaliyyətini dəstəkləmək məqsədilə süni intellekt əsaslı Microsoft Copilot funksionallığı da platformaya inteqrasiya edilib.