Naxçıvanda 56 illik ailə həyatı yaşayan Məmmədovlar ailəsi ilə görüş keçirilib - FOTO
Ordubad rayonunun Dəstə kəndində yaşayan və evliliklərinin 56-cı ildönümünü qeyd edən Məmmədovlar ailəsi ilə görüş keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Ordubad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən görüşdə “Ailə könüllüləri” də iştirak ediblər.
Görüşdə ailə dəyərlərinin qorunmasının, uzunömürlü və nümunəvi ailələrin təcrübəsinin gənc nəslə çatdırılmasının əhəmiyyəti vurğulanıb.
Qərib Məmmədov və Tovuz Məmmədova ailə həyatlarından bəhs edərək uzunömürlü ailənin əsasını qarşılıqlı hörmət, səbir, təmkin və sevginin təşkil etdiyini bildiriblər.
Sonda 56 illik evlilik münasibətilə Məmmədovlar ailəsinə hədiyyə və gül dəstəsi təqdim olunub. Qeyd edək ki, ailənin 5 övladı, 12 nəvəsi və 10 nəticəsi var.










