Azərbaycanlılar ixtira sənədlərini elektron qaydada Avrasiya Patent İdarəsinə təqdim edə biləcək

Azərbaycanlılar ixtira sənədlərini elektron qaydada Avrasiya Patent İdarəsinə təqdim edə biləcək

11 Fevral 2026

Azərbaycan Əqli Mülkiyyət Agentliyi Avrasiya Patent İdarəsinin dəstəyi ilə Avrasiya iddia sənədlərinin elektron formada verilməsi xidmətini istifadəyə verib.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə agentlikdən məlumat verilib.

Bildirilib ki, Avrasiya məkanında ilk dəfə Azərbaycanda həyata keçirilən pilot layihəsi nəticəsində bu xidmət Əqli Mülkiyyət Agentliyinin PƏNAH (Patent və Əmtəə Nişanlarına Açıq Hədəf) elektron informasiya sisteminə inteqrasiya olunub və Azərbaycandan olan iddiaçılara ixtira və sənaye nümunələri üçün Avrasiya iddia sənədlərini elektron qaydada və birbaşa olaraq Avrasiya Patent İdarəsinə təqdim etmək imkanı yaradılıb.

Yeni funksional xidmətin tətbiqi iddiaçıların müracət etməsini asanlaşdırır, ekspertlərin iş yükünü ciddi şəkildə azaldır və fəaliyyətini sürətləndirir. PƏNAH sisteminə inteqrasiya edilmiş bu xidmət Avrasiya iddia sənədlərinin işlənməsi prosesini daha sürətli və effektiv edir, hüquqi prosedurları sadələşdirir, iddiaçıların müraciətlərini daha tez və dəqiq qiymətləndirməsinə imkan verir, bürokratik əngəlləri aradan qaldıraraq şəffaflığı təmin edir və ixtira fəallığını artırır. Beləliklə, həm iddiaçılar, həm də ekspertlər üçün daha rahat və vaxta qənaət edən bir iş mühiti yaradılır.

Qeyd olunan xidmət hər kəsə istənilən vaxt və istənilən yerdən əlçatan olan, 24/7 rejimində fəaliyyət göstərən milli PƏNAH sisteminə əsaslanır və bu sistem vasitəsilə həyata keçirilir.