Dövlət sərhədini qanunsuz keçməyə görə hansı məsuliyyət nəzərdə tutulur? -

Dövlət sərhədini qanunsuz keçməyə görə hansı məsuliyyət nəzərdə tutulur? - HÜQUQ MƏSLƏHƏTİ

28 İyul 2026

Sual: Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmək qanunvericiliyə əsasən hansı məsuliyyətə – cinayət, yoxsa inzibati məsuliyyətə səbəb olur?

Cavab: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318-ci maddəsinə əsasən, dövlət sərhədini qanunsuz keçmək cinayət əməli hesab edilir.

Mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin buraxılış məntəqələrindən kənarda keçən şəxslər 1 500 manatdan 3 000 manatadək cərimə və ya 2 ilədək azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırıla bilər.

Əgər bu əməl qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədilərsə, təqsirli şəxslər 5 ilədək azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılır.

Qeyd: Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş siyasi sığınacaq hüququndan istifadə etmək məqsədilə dövlət sərhədini keçmə qaydalarını pozaraq ölkəyə gəlmiş əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə, əməllərində başqa cinayət tərkibi yoxdursa, bu maddənin müddəaları şamil edilmir.

Sual Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri Səttar Əsgərov tərəfindən cavablandırılıb.