Əcəmi yaradıcılığı beynəlxalq mədəni irs sistemində və ümumtürk memarlıq kontekstində

Əcəmi yaradıcılığı beynəlxalq mədəni irs sistemində və ümumtürk memarlıq kontekstində

05 May 2026

Əcəmi Əbubəkr oğlu Naxçıvani XII əsrdə Naxçıvanda doğulub. Onun doğum tarixi dəqiq bilinməsə də, 1120–1130-cu illər arasında olduğu ehtimal edilir. Əcəmi Naxçıvani sadəcə estetik zövqə malik memar olmamışdır, eyni zamanda o, mühəndislik biliklərini ustalıqla tətbiq edən sənətkardır. Həyatının böyük bir hissəsi Azərbaycanın qədim şəhərlərindən biri olan Naxçıvanda keçmiş və burada memarlıq məktəbinin banisi kimi tarixə düşmüşdür. O dövrdə Naxçıvan Atabəylər dövlətinin paytaxtı olduğu üçün və burada siyasi, iqtisadi və mədəni həyatın mərkəzi formalaşmışdı. Əcəminin dövrü Səlcuqluların, Eldənizlərin və Atabəylərin memarlıq baxımından fəallıq dövrü olmuşdur. Bu siyasi sabitlik sənətin inkişafına münbit zəmin yaratmışdı. Əcəmi belə bir dövrdə, zəngin mədəni və elmi mühitdə formalaşaraq, klassik islam memarlığının qaydalarını dərindən öyrənmiş, onu Azərbaycan torpağında tətbiq etməklə yanaşı, öz yeniliklərini də əlavə etmişdir. O, sadəcə hazır qaydalara əsaslanan memar olmamışdır, həm də texniki bilikləri ilə seçilən, öz strukturlarını elm və zövq üzərində quran ustaddır. “Şeyxül-mühəndis” (mühəndislər başçısı) ləqəbini almış Memar Əcəmi Naxçıvaninin memarlıq irsi içərisində ən tanınmış və ölümsüz əsərləri Möminə Xatun türbəsi  və Yusif İbn Kuseyr türbəsidir. Mömünə xatun türbənin üzərindəki “Biz gedirik, ancaq qalır ruzigar. Biz ölürük, əsər qalır yadigar” cümləsi təkcə Memar Əcəminin öz yaradıcılığına olan inamını deyil, həm də türk xalqlarının miras və xatirə anlayışlarının fəlsəfi dərinliyini ifadə edir. Abidə Atabəylər dövlətinin siyasi və mədəni identikliyinin ifadəsidir. Bu baxış onu zamandan, dövrdən və hətta coğrafiyadan uzaqlaşdıraraq bəşəri sənətkar səviyyəsinə qaldırır. R.Hillenbrand Möminə Xatun türbəsini islam memarlığında türbə tiplərinin ən mükəmməl təzahürlərindən biri adlandırmış, onun  memarlıq baxımından beynəlxalq əhəmiyyətini yüksək qiymətləndirərək qeyd etmişdir ki, “Naxçıvandakı bu türbə, memar Əcəminin əlindən çıxmış kərpicdən ibarət poema kimidir, hansı ki, daşın sərtliyini inkar edir, bu türbə arxitektura quruluşuna görə  Orta Asiya (Mərv, Buxara) və Anadolu (Konya, Ahlat) türbələri arasında da özünəməxsus yer tutur.  Ə.Salamzadə qeyd etmişdir ki, Yaxın Şərqin bir çox memarlarının yaradıcılığına onun təsirini izləmək çətin deyil. Onun yaratdığı nadir arxitektura əsərləri əsrlər keçməsinə baxmayaraq, böyük estetik həzz mənbəyi kimi sənətkarın yaradıcı dühasının gücünü əks etdirir. A.Pope  qeyd etmişdir ki, Möminə Xatun türbəsi İslam memarlığında fəza həlli sahəsində inqilabi yenilikdir, onun heç bir Orta Şərq ölkəsində analoqu yoxdur. Beynəlxalq memarlıq tarixində Möminə Xatun türbəsinin mühüm yer tutduğunu sübut edən faktlar içərisində bu abidənin arxitektura quruluşuna, üzərindəki həndəsi naxışların mürəkkəbliyinə görə Qabus türbəsindən yüksək olması haqqında fikirləri də nümunə göstərmək olar. Yusif ibn Küseyir türbəsi Səlcuqlu dövrü Azərbaycan memarlıq məktəbinin tipik xüsusiyyətlərini – səkkizguşəli plan, kitabə kəməri, sadə kərpic ornamentləri özündə əks etdirir. Yusif ibn Küseyir türbəsi daha sadə olsa da, onun nisbətləri, portal kitabəsi, daxili günbəzinin akustikası şah əsər anlayışına uyğundur. 

Şamaxıda yerləşən “Yeddi günbəz” türbəsində də Memar Əcəminin təsirini müşahidə etmək mümkündür. Bu abidələrin hər biri beynəlxalq mədəni irs sistemində özünəməxsus yer turur. Onun əsərlərində həndəsi dəqiqlik, bədii simmetriya, konstruksiyaların daşıyıcılıq qabiliyyəti və funksional dizayn mükəmməl şəkildə vəhdət təşkil edir. Onun memarlığında kərpic yalnız tikinti materialı deyil, həm də dekorativ funksiyalı element kimi istifadə edilmişdir. Əcəmi memarlığında çoxsəviyyəli tağ sistemləri, günbəzlərin daşıyıcı konstruksiyası, yüksək işıqlandırma imkanları, iç məkanın tənzimlənməsi və enerji balansı dövrünün qabaqcıl ideyalarına əsaslanırdı. Hər bir detal konkret funksiyanı daşıyırdı. Məsələn, günbəzlər yalnız estetik görüntü yaratmaq üçün deyil, həm də istilik və səs izolyasiyası üçün mükəmməl bir struktur rolunu oynayırdı. Əcəmi memarlığı yalnız mühəndislik bacarığı ilə deyil, eyni zamanda fəlsəfi və ədəbi dərinliklə də seçilir. Onun tikililəri özündə Quran ayələrini, İslam metafizikasını, riyazi simmetriyanı və estetik dəyərləri birləşdirir. Əcəmi üçün məkan yalnız fiziki ölçü deyil, həm də ilahi harmoniyanın simvolu idi. Bu səbəbdən onun əsərlərindəki kitabələr, məcazi bəzəklər və ritmik dekorlar memarlığı poeziya səviyyəsinə yüksəldir. Əcəmi Naxçıvani tərəfindən yaradılmış memarlıq məktəbi təkcə Naxçıvanla məhdudlaşmayıb. Onun üslubu sonrakı dövrlərdə Səlcuq memarlığında, Anadolu şəhərlərində və İsfahan, Təbriz, Səmərqənd kimi mədəniyyət mərkəzlərinə də təsir göstərib. 

Memar Əcəmi yaradıcılığında özünəməxsus yer tutan ən aktual məslələrdən biri onun yaradıcılığının, abidələrinin beynəlxalq mədəni irs sitemində, ümumtürk memarlıq konteksində özünəməxsus yer tutmasıdır. Memar Əcəmi abidələrinin beynəlxalq mədəni irs sistemində yeri ilə bağlı aparılan araşdırma zamanı məlum olur ki, beynəlxalq mədəni irs sistemi bir neçə pilləli quruluşa malikdir. Ən yüksək səviyyə UNESCO Ümumdünya İrsi siyahısıdır. UNESCO-nun Ümumdünya Mədəni və Təbii İrsin Qorunması haqqında Konvensiyası 1972-ci ildə qəbul edilmiş, 1975-ci ildə qüvvəyə minmişdir. 1972-ci il Konvensiyasını 194 dövlət ratifikasiya etmişdir. UNESCO Ümumdünya İrsi siyahısına düşmək üçün hər bir abidənin ənənəvi insan məskəninin nümunəsi olması, insan yaradıcılığının şah əsəri olması, hadisələrlə, canlı ənənələrlə, ideyalarla bağlılıq təşkil etməsi kimi bir çox meyarlara cavab verməlidir. Bu gün hər iki abidə bütün meyarlara cavab verməklə Əcəmi yaradıcılığının dünya memarlığında özünəməxsus yer tutduğunu göstərir.

Memar Əcəmi yaradıcılığının ümumtürk memarlığnda yeri ilə bağlı onu qeyd etmək olar ki, memarlıq məktəbinin banisi kimi türk memarlığında yeni üslubun — incəlik, dinamizm və riyazi dəqiqliyin hakim olduğu “Əcəmi üslubu”nun əsasını qoymuşdur. Onun yaradıcılığındakı əsas yeniliklərdən biri odur ki, o Səlcuqlu dövrünün əvvəlki “ağır və sərt” üslubuna incəlik və dinamizm gətirmişdir. O, türk memarlığında ilk dəfə olaraq çoxüzlü plan quruluşu, ikiqat günbəz sistemi, kərpic ornamentlərin struktur funksiyasından istifadə etmişdir. Əcəmi Naxçıvanı yaradıcılığındakı yeniliklər sonrakı dövrlərdə bütün türk dünyasında geniş yayılmış, Anadolu, Səlcuqlu və Osmanlı memarlığının əsasını təşkil etmişdir. O, türbələrin daxili fəzasının şaquli inkişafını kubik həcmlərlə deyil, çoxüzlü prizmalarla vermişdir. Bu üsul daha sonralar Səfəvi dövrü memarlığında da geniş yayılmışdır. Alman sənətşünası Ernst Dits qeyd edir ki, “Memar Koca Sinanın İstanbulda tikdiyi türbələr Naxçıvan türbələrindən ilhamlanmışdır”. Memar Əcəminin yaradıcılığının ən mühüm xüsusiyyətlərindən biri onun türk xalqlarının islamdan əvvəlki inanclarını İslam memarlığı ilə sintez etməsidir. Bu sintez xüsusilə naxışlarda və ornamentlərdə özünü göstərir. Bir tərəfdən Quran ayələri, digər tərəfdən qədim türk kosmoloji simvolları — günəş, ulduzlar, həndəsi fiqurlar onun tikdiyi abidələrdə vəhdət təşkil edir. Onun yaratdığı ənənələr sonrakı əsrlərdə bütün türk dünyasında geniş yayılmışdır. Naxçıvan memarlıq məktəbinin təsiri ilə türbə memarlığının incilərindən bir neçə nümunələri Anadolu torpaqlarında da yaradılmışdır. Konya, Ahlat, Sivas kimi Səlcuqlu şəhərlərində inşa edilən türbələrdə də Memar Əcəminin təsiri aydın hiss edilir.

Toğrul XƏLİLOV

Tarix elmləri doktoru, dosent

AMEA Naxçıvan Bölməsinin “Antik və Orta əsrlər arxeologiyası” şöbəsinin müdiri