Naxçıvan arxeoloji materialları beynəlxalq elmi platformada təqdim edilib

Naxçıvan arxeoloji materialları beynəlxalq elmi platformada təqdim edilib

05 May 2026

AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor Vəli Baxşəliyev və Elmar Baxşəliyev Türkiyə Cümhuriyyətinin İzmir şəhərində keçirilən beynəlxalq elmi toplantıda iştirak edib. 

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Ege Universitetində təşkil olunan “Eastern Anatolian Archaeology Workshop III / Doğu Anadolu Arkeolojisi Çalıştayı III” adlı beynəlxalq elmi konfrans “Tarixəqədərki dövrlərdən Dəmir dövrünün sonunadək Şərqi Anadolu arxeologiyası” mövzusuna həsr olunub. 

Konfransda Neolit, Eneolit, Tunc və Dəmir dövrlərinə aid arxeoloji, arxeometrik, sahə, epiqrafik, antropoloji və fənlərarası tədqiqatların nəticələri təqdim edilib. Çıxışlar ingilis və türk dillərində olub. Simpozium materiallarının isə ingilis dilində beynəlxalq nəşriyyatda çapı planlaşdırılır.

Professor Vəli Baxşəliyev simpoziumda Elmar Baxşəliyevlə həmmüəllif olduğu “Relationship of Nakhchivan with the Near East During the Chalcolithic Period (Nakhchivan, Azerbaijan)” adlı məruzə edib. Məruzə Naxçıvanın Eneolit dövründə Yaxın Şərqlə mədəni əlaqələrinin öyrənilməsinə həsr olunub.

Məruzədə I Kültəpə, Naxçıvantəpə, Bülövqaya və digər arxeoloji abidələrdən əldə edilmiş materiallar əsasında regionun qədim mədəni əlaqələrinin xarakteri və inkişaf dinamikası diqqətə çatdırılıb. Qeyd olunub ki, xüsusilə Eneolit dövrünə aid tapıntılar regionlararası əlaqələrin, qədim icmalar arasında mədəni təmasların və qarşılıqlı təsir proseslərinin araşdırılması üçün mühüm elmi mənbədir.

Konfrans proqramına uyğun olaraq Vəli Baxşəliyev II bölmə iclasına sədrlik edib.

AMEA Naxçıvan Bölməsi əməkdaşının bu cür beynəlxalq platformada iştirakı Naxçıvanın arxeoloji irsinin elmi dövriyyədə daha geniş təmsil olunmasına, elmi əməkdaşlıqların güclənməsinə və əldə olunan nəticələrin qlobal akademik mühitə inteqrasiyasına şərait yaradır.