Naxçıvanda I Kardiologiya Forumu keçirilib - FOTO
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Naxçıvan Sağlamlıq Günləri” çərçivəsində 5 may 2026-cı il tarixində I Naxçıvan Kardiologiya Forumu keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, forumdan əvvəl tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar. Daha sonra qonaqlar Heydər Əliyev Muzeyini ziyarət ediblər. Muzeydə qonaqlara məlumat verilib ki, burada Ümummilli liderin həyatı və fəaliyyəti ilə bağlı eksponatlar ehtiramla qorunur, tədqiq və təbliğ olunur.
Ardınca nümayəndə heyəti forumun keçiriləcəyi məkana yollanıb.
Forum Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və Elmi-Tədqiqat Kardiologiya İnstitutunun birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublika Xəstəxanasında baş tutub.
Tədbirin açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Rəşadət Nabatov forumun əhəmiyyətini xüsusi vurğulayaraq bildirib ki, bu cür elmi-praktik tədbirlər ölkədə səhiyyə siyasətinin prioritet istiqamətlərindən biri olan ürək-damar xəstəlikləri ilə mübarizədə mühüm rol oynayır. O qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasına uyğun olaraq bu gün ölkədə səhiyyə sahəsi sürətlə inkişaf edir, əhalinin sağlamlığının qorunması dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi daim diqqət mərkəzində saxlanılır.
Rəşadət Nabatov çıxışında vurğulayıb ki, son illər ərzində səhiyyə müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, müasir tibbi avadanlıqlarla təchizat, yeni tibb müəssisələrinin tikintisi və mövcud infrastrukturun yenidən qurulması istiqamətində mühüm işlər görülüb. Bildirilib ki, əhalinin sağlamlığının qorunması istiqamətində müxtəlif tibbi aksiyalar da mütəmadi olaraq həyata keçirilir. Təkcə cari ilin son üç ayı ərzində təşkil olunmuş tibbi müayinə aksiyaları çərçivəsində ümumilikdə 1906 vətəndaşa pulsuz tibbi xidmət göstərilmiş, onlar müayinələrə cəlb olunaraq müvafiq tibbi yardımla təmin edilmişdir. Bu tədbirlərin nəticəsidir ki, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyəti əhəmiyyətli dərəcədə yüksəlib.
Qeyd olunub ki, “Naxçıvan Sağlamlıq Günləri” kimi təşəbbüslər Ümummilli liderin ideyalarının yaşadılması, onun səhiyyə siyasətinin davam etdirilməsi və inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu cür platformalar yerli mütəxəssislərlə yanaşı, aparıcı kardioloqların bilik və təcrübə mübadiləsi aparmasına, müasir tibbi yanaşmaların tətbiqinə geniş imkanlar yaradır.
Daha sonra Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşova qeyd edib ki, bu təşəbbüs ilk dəfə olaraq Naxçıvanda genişmiqyaslı şəkildə həyata keçirilir və məqsəd əhaliyə daha yaxın xidmət göstərmək, tibbi xidmətlərin keyfiyyətini və əlçatanlığını artırmaq, eləcə də ən son elmi yenilikləri tibb ictimaiyyəti ilə bölüşməkdir.
Forumda ölkənin aparıcı kardioloqları, professor-müəllim heyəti və ixtisaslaşmış həkimlər iştirak edərək aktual mövzular ətrafında çıxışlar ediblər. Bu isə tədbirin elmi və praktiki əhəmiyyətini daha da artırıb.
Forumun elmi proqramı çərçivəsində müxtəlif tematik sessiyalar təşkil olunub. Sessiyalarda kardio-vaskulyar xəstəliklərin profilaktikası, ürək çatışmazlığında son yeniliklər, kəskin koronar sindroma müasir yanaşmalar, aritmiyalar və elektrofiziologiya, eləcə də invaziv kardiologiya və müasir görüntüləmə üsulları üzrə geniş təqdimatlar keçirilib. Təqdimatlar zamanı müasir diaqnostika və müalicə metodları, risk qiymətləndirilməsi, innovativ texnologiyaların tətbiqi və klinik praktikada aktual məsələlər müzakirə olunub.
Tədbir çərçivəsində iştirakçılar arasında geniş müzakirələr və açıq diskussiya təşkil edilib, səsləndirilən suallar ətraflı cavablandırılıb, qarşılıqlı təcrübə mübadiləsi aparılıb.
Forumun sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
I Naxçıvan Kardiologiya Forumu regionda kardiologiya sahəsinin inkişafına, həkimlərin peşəkar səviyyəsinin yüksəldilməsinə və əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılmasına mühüm töhfə kimi qiymətləndirilir.












