Gənc istedadlar işıqlı gələcəyimizdir: Cavidan Kəngərlinin timsalında

Gənc istedadlar işıqlı gələcəyimizdir: Cavidan Kəngərlinin timsalında - FOTO

03 Noyabr 2026

Azərbaycan Respublikasının Dövlət Gənclər siyasətinin əsasları gənclərin intellektual biliklərinin daha da inkişaf etdirilməsi, onların ölkəmizin elm və tədris proseslərinin inkişafı sahəsində fəal iştirakının təmin olunması, yaradıcılıq və şəxsi inkişaf sahəsində təkmilləşməsi olduqca mühüm tərəflərinə görə fərqlənməkdədir. Ölkəmizdə gənclərə dövlət tərəfindən göstərilən qayğı və diqqətin olduqca mühüm istiqamətlərindən birini də gənc istedadların ortaya çıxarılması, onların daha işıqlı sabahlar naminə dəstəklənməsi, bu gündən gələcəyə uzanan yolda abad və firəvan mühitlə təmin olunmasından ibarət olmaqdadır. Məhz Kəngərli nəslinin yetirməsi olaraq inkişaf edən bu gənc Cavidan Kəngərlidir. Cavidan 2 oktyabr 2011-ci ildə Naxçıvan şəhərində ziyalı ailəsində anadan olmuşdur. Cavidan yüksək elmi və intellektual səviyəsinə, keyfiyyətlərinə görə seçilir. Hazırda, Eynəli bəy Sultanov adına Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbin 10-cu sinfində təhsil alan Cavidan Kəngərli mənsub olduğu nəslin, olduqca qürurlu daşıyıcılarından biri olaraq formalaşır, inkişaf edir və öz üzərində daha böyük inamla işləyir. Genişmiqyaslı araşdırmalar sahəsində fəallıq göstərən Cavidan, dəqiq elmlər sahəsində əhəmiyyətli nəticələr ortaya qoymaqdadır.

Qeyd olunduğu kimi, X sinifdə təhsil alan Cavidanı tanımağa dəyər və buna görə də, bu istedadlı gənci elmi ictimaiyyətə təqdim etmək olduqca əhəmiyyətlidir. Cavidanın elmi maraq dairəsi məktəb proqramının hüdudlarını aşaraq Kvant fizikası və Astrofizika kimi müasir elmin ən mürəkkəb və inkişaf edən sahələrini əhatə edir. O, sadəcə nəzəri biliklərlə kifayətlənmir, astrofiziki tədqiqatlara, səma cisimlərinin fiziki xassələrinə və kainatın fundamental qanunauyğunluqlarına dair zəngin elmi ədəbiyyatları ardıcıl şəkildə mütaliə edir. Onun fundamental fizika qanunlarını mənimsəmə sürəti və problemlərə mühakiməyə əsaslanan yanaşması gələcəkdə böyük elmi uğurlara imza atacağından xəbər verir. Cavidan, nəzəriyyə ilə təcrübəni düzgün əlaqləndirməyin, hər birinin özünəməxsus aktuallığını əsaslandırmağın və bundan daha səmərəli nəticələrə gəlinməyin yollarını artıq bilir və buna görə də, addım-addım öz hədəflərini daha da reallaşdırmış olur. Yaxın günlərdə tələbələrlə birlikdə Rəsədxana ilə tanış olan Cavidan orada həyata keçirilən tədqiqatlar barədə geniş məlumat əldə edib. O, səfər zamanı gələcək planları və görmək istədiyi işlər haqqında danışaraq, astrofizika istiqamətində real müşahidələrdə və elmi layihələrdə yaxından iştirak etmək istədiyini bildirib.

Elmi araşdırmalar sahəsindəki fəaliyyətinə diqqət etdikdə, aydın olur ki, Cavidan Kəngərlinin tədqiqat sahəsi və maraq dairəsi çoxistiqamətlidir. Onun əsas maraqları, kvant nəzəriyyəsinin əsasları, ölçmə problemi, zaman fəlsəfəsi və fiziki nəzəriyyələrin fəlsəfi şərhindən ibarət olmaqdadır. Eyni zamanda, təsadüfilik, determinizm və insanın qərarvermə imkanları arasındakı əlaqəni tədqiq etməklə, Spinoza, Xəyyam və Konfutsinin fikirləri də fəlsəfi mütaliə sahəsində də fəallıq göstərir.

Fəal gənc olaraq, Cavidan bu sahənin həm də müasir elmi nailiyyətlər müstəvisində araşdırılmasını həyata keçirməklə, kvant nəzəriyyəsinin əsaslarını yaradan və inkişaf etdirən Maks Plank, Albert Eynşteyn, Nils Bor, Pol Dirak kimi dünya şöhrətli alimlərin əsərlərinə müraciət edir, mövzu ilə bağlı olan çoxistiqamətli məsələləri araşdırır, tədqiqat obyektinə cəlb olunmuş və əsasları yaradılmış bir çox elmi istiqamətləri əsas götürür.

Günümüzün olduqca aktual problemlərini düzgün dəyərləndirməyi bacaran Cavidan öz yaş qrupunda nadir rast gəlinən elmi həvəsə, yüksək intellektual potensiala və ən əsası güclü nizam-intizama malikdir. Onun araşdırma bacarıqları, məsələlərin təhlilinə yanaşma keyfiyyətləri, elmi düşüncə və təcrübi üstünlükləri gələcəkdə olduqca işıqlı gələcəyindən xəbər verməkdədir. Çox az hallarda rast gəlinən bir haldır ki, gənclər həm də bu yaşından belə bir məsuliyyətli mövzunu araşdırma dövriyyəsinə cəlb eləmiş olsun və  onu geniş oxucu kütləsinə, xüsusilə də elmi ictimaiyyətə müasir yeni və təkmil vəziyyətdə təqdim etməyi bacarsın. Məhz Cavidanın İlahi vergisi olacaq fitri bacarıqları onu tanıyanlarda belə qənaətə gəlməyə əsaslar yaratmış olur. Bu mənada, hələ X sinifdə oxuyarkən bu cür göstəricilərə sahib olması onun gələcəkdə  nəzəri fizika, eləcə də astrofizika sahəsində elmi nailiyyətlər əldə edəcək perspektivli bir gənc alim namizədi olduğunu sübut edir. Düşünürük ki, Azərbaycan elminin inkişafında, riyazi modelləşdirmənin, çoxistiqamətli hesablamaların və elmin müxtəlif sahələrinin bir –biri ilə qarşılıqlı əlaqə şəraitində inkişafının təşəkkülü Cavidan kimi gənc kadrların, mütəxəssislərin sayəsində daha da uğurlu olacaq. Bu dinamikanı, elmi-nəzəri baxışları, əsaslandırılmış yanaşmaları diqqət mərkəzində saxlamaqla, Cavidanı indidən fəlsəfə və elmlər doktoru olaraq qürurverici zirvədə təsəvvür etmək olar.

Çoxistiqamətli ideyalar müstəvisində Cavidan beynəlxalq akademik səviyyədə öz sözünü deməyə tam hazırdır. O, SAT sınaq imtahanında 1550 bal kimi müstəsna bir nəticə göstərərək yüksək riyazi və analitik təfəkkürə malik olduğunu sübut edib. Eyni zamanda, ingilis dili üzrə IELTS sınaqlarında sabit olaraq 8 bal toplayan və hədəfini 8+ etmək olan Cavidan, dünya elmi ədəbiyyatını sərbəst mütaliə edir və mürəkkəb kvant fizikası mənbələrindən rahatlıqla istifadə edir. Onun ən böyük arzusu gələcəkdə alim kimi xaricdə təhsil alaraq, öz elmi ilə ölkə xaricində ölkəmizi layiqincə təmsil etməkdir.

Bir səmərəli düşüncə müəllifi olaraq, Cavidanla həmsöhbət olmaq xoş təəssüratlar yaradır. Onu dinlədikcə, fikirlərini, düşüncələrini və qənaətlərini ifadə formasını müşahidə etdikcə, tam əmin olursan və qürur duyursan ki, Azərbaycan gənci nələrə, hansı yüksək qabiliyyətlərə, necə bacarıqlara, mühüm mədəni, elmi və etik keyfiyyətlərə malik olmaqdadır. Hazırkı şəraitdə ölkəmizdə yeni iqtisadi və sosial islahatlar davam edir, uğurlarla müşayiət olunur və hər bir keyfiyyət mərhələsində yeni üstünlüklər əldə olunur. Məhz belə bir mərhələdə, Cavidanın müəllifi, tərəfdarı və dəstəkçisi olduğu baxışlar milli və dünya elminin inkişafına öz töhvəsini vermiş olacaq.

Qeyd etmək olar ki, Cavidanın tədqiqatlarının əsas hədəflər üzrə nəticələrinə diqqət etdikdə, aydın olur ki, xüsusilə də, onun hazırlıq planını limit və kəsilməzlik, törəmə və onun tətbiqləri, inteqral, diferensial tənliklər, parametrik və qütb koordinatlı funksiyalar, sonsuz sıralar mövzuları təşkil etmiş olur. Onun əsas məqsədi isə, fiziki dəyişmələri riyazi təsvir etmək üçün əsasları gücləndirməkdir. Hazırlıq üzrə planında məsələlərin analitik həlli, qrafik və düstur arasındakı əlaqənin izahı, həll addımlarının əsaslandırılması və vaxt məhdudiyyətli sınaqların təhlili olduqca mühüm yerə malik olmaqdadır.

Cavidanın elmi araştırmalara cəlb etmiş olduğu problemlərə diqqət etdikdə aydın olur ki, bu gənc, daha çox milli və beynəlxalq miqyaslar üzrə yanaşma istiqamətlərini əlaqələndirməyi bacarır, onların ortaq nəticələr üzrə tamamlanmasına əsaslar gətirə bilir.

Digər tərəfdən, araşdırmalarda, Kinematika, Nyuton qanunları, iş və enerji, impuls, fırlanma hərəkəti və rəqslər üzrə riyazi analizə əsaslanan hazırlıq planlaşdırır. Burada isə mühüm hədəf, fiziki vəziyyəti modelə çevirmək, uyğun tənlikləri seçmək və nəticəni fiziki mənası ilə izah etmək və əsaslandırmaqdır. Bu araşdırmada isə, hazırlıq mərhələsini, qüvvə diaqramları, hərəkət qrafikləri, saxlanma qanunları üzrə məsələlər və verilmiş eksperimental məlumatların şərhi daha da aktuallaşdırmaqdadır.

Beləliklə, Cavidanın timsalında elmimiz yeni bir nəfəs, müasir yanaşma, perspektivli fəaliyyət qazanmış olacaq. Eyni zamanda, bu, həm Cavidanın özü üçün işıqlı gələcək, həmyaşıdları üçün isə böyük motivasiya olacaq. Təbii olaraq, bütün bunlar, Cavidanın mənsub olduğu elmi mühitdən, əsilli və nəsilli ailə tərbiyəsindən və dəqiq müəyyən olunan hədəflərdən də açıq aşkar görünür.


Ruslan MƏMMƏDOV

NDU, Astrofizika Rəsədxanasının müdiri,

Astronomiya üzrə fəlsəfə doktoru