Patentləşən "Naxçıvan tənburu": NDU qədim musiqi irsini yenidən canlandırır
Naxçıvan Dövlət Universitetinin əməkdaşı İxtiyar Seyidovun yaratdığı "Naxçıvan tənburu" patentləşdirilib. Əqli Mülkiyyət Agentliyinin verdiyi F 2026 0027 nömrəli faydalı model patenti "Simli musiqi aləti" adı ilə 2026-cı il oktyabrın 6-da dövlət reyestrində qeydə alınıb. NDU-nun İncəsənət fakültəsi nəzdindəki Musiqi Alətləri Emalatxanasının müdiri olan sənətkarın bu aləti çəng, saz və tənburun xüsusiyyətlərini birləşdirir. Universitet üçün də sevindirici olan bu uğurun kökü isə çox əvvələ, sazla bağlı bir sevgiyə gedib çıxır.
"Əslində, hər şey saz alətinə olan sevgimdən başladı", – deyir. Sazın tarixini araşdırdıqca qopuza, çoğura, çəngə və başqa qədim alətlərə rast gəlib. "O zaman düşündüm ki, bu alətlər yalnız muzey eksponatı kimi qalmamalıdır. Onlar yenidən səslənməli, xalqın yaddaşına qaytarılmalıdır". Bundan sonra alətlərin bərpası ilə yanaşı, unudulmaqda olan xalq mahnılarını da yenidən işləyib repertuara qaytarıb.
2005-ci ildən başlayaraq indiki, NDU nəzdində Naxçıvan Musiqi Kollecində müəllim kimi fəaliyyət göstərən sənətkar həmin illəri xüsusi duyğularla xatırlayır. O dövrdə texnikumun rəhbəri Yusif Babayevin təşəbbüsü və dəstəyi ilə Qədim Musiqi Alətləri Ansamblı yaradılır. "Bu işdə tək deyildim", – deyir və Aqil Seyidovun, Vahid Quliyevin və Əşrəf Abdullayevin köməyini xüsusi qeyd edir. Ansamblın ilk tərkibində ud, bərbət, qopuz, çəğanə, çoğur, saz, bəm tar, kamança, kamanlı rübab, rud, tütək, balaban, nağara, qoşa nağara, qanun, dilruba tənbur və çəng vardı. Müxtəlif dövrlərin, müxtəlif coğrafiyaların səsi bir səhnədə birləşmişdi. Ansambl ilk dəfə efirə çıxanda bu, adi konsertdən çox keçmişin dirçəlişinə bənzəyirdi. Alətlərdən heç birini digərindən üstün tutmur: "Onları bir-birindən ayırmaq mümkün deyil. Hərəsinin öz ruhu, öz tarixçəsi var".
Zaman keçdikcə ansamblın tərkibi genişlənib, iki yeni alət də yaranıb: Naxçıvan tənburu və bəm rübab. Üç tərəfdən ibarət olan Naxçıvan tənburu sazı, tənburu və çəngi özündə birləşdirir. "Bu üç alət türk dünyasının ortaq musiqi yaddaşıdır. Ona görə də Naxçıvan tənburu birlik rəmzi kimi xüsusi məna daşıyır", – deyə izah edir. Bəm rübab isə Kaşkar rübabını xatırladır, amma daha dərin və bəm səs tembri ilə seçilir.
İxtiyar Seyidov deyir ki, 2021-ci ildə Bakıya köçəndə ansamblın fəaliyyəti dayanıb. Fasilə uzun çəkməyib: 2024-cü ilin mayında NDU-nun rektoru Elbrus İsayevin dəvəti ilə yenidən Naxçıvana qayıdıb. Universitetdə İncəsənət fakültəsinin nəzdində Musiqi Alətləri Emalatxanası yaradılıb, rəhbərliyi ona həvalə olunub. "Bu, sadəcə bir emalatxana deyil", – deyir. "Bu, Azərbaycan musiqi mədəniyyətinə verilən böyük dəyərin göstəricisidir". 2025-ci tədris ilində "Qədim Çalğı Alətləri" ansamblı yenidən fəaliyyətə başlayıb, bu dəfə tərkibə muğni, çahar və tar kimi müasir alətlər də əlavə edilib.
Onu ən çox sevindirən gənclərin marağıdır. NDU-nun emalatxanasına gələn tələbələr alətləri yaxından tanıyır, necə hazırlandığını öz gözləri ilə görürlər. "İstərdim ki, bu alətlər tədris proqramına daxil edilsin. Çünki bu, bizim milli kimliyimizin bir hissəsidir", – deyir.
Emalatxanada hazırda Balakən tənburu, saz və bir neçə nəfəsli alət bərpa olunur. Planlar isə daha genişdir: qədim səsləri daha böyük auditoriyaya çatdırmaq, ansamblı böyük səhnələrdə tanıtmaq, milli musiqi irsini gələcək nəsillərə ötürmək. Gələcəkdə Naxçıvan tənburu da qədim xalq çalğı alətləri sırasında ansamblın tərkibində çıxış edə bilər.
Bu yola baxanda görürsən ki, söhbət təkcə musiqidən getmir. Patentləşən alət də, yenidən səslənən ansambl da, emalatxanaya gələn gənclər də bir xalqın keçmişinə, yaddaşına, ruhuna sahib çıxmağın fərqli üzləridir. Bu yolda sənətkarın arxasında Naxçıvan Dövlət Universiteti dayanır.
Badəm ƏLİYEVA
NDU Media və ictimaiyyətlə əlaqələr şöbəsi











