Naxçıvanda payızlıq suvarma mövsümü başlayıb: Su ehtiyatı ötən illə müqayisədə 2,5 dəfə artıb
Naxçıvan Muxtar Respublikasında 2026-cı ilin payızlıq suvarma mövsümünə başlanılıb. Suvarma prosesinin fasiləsiz təşkili, mövcud su ehtiyatlarından səmərəli istifadə və suvarma şəbəkələrinin işlək vəziyyətdə saxlanılması istiqamətində tədbirlər davam etdirilir.
Bu barədə “NAXÇIVANXƏBƏRLƏRİ”nə müsahibəsində Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Meliorasiya və Suvarma Sistemlərinin İstismarı şöbəsinin aparıcı məsləhətçisi İsmayıl Abbasov məlumat verib.
O bildirib ki, cari ilin yanvar-oktyabr ayları ərzində 335,56 kilometr uzunluğunda kanal və arxlarda, 23,64 kilometr kollektor-drenaj şəbəkələrində lildən təmizləmə işləri aparılıb. Həmçinin ümumi uzunluğu 14,88 kilometr olan suvarma boru xətlərində təmir-bərpa işləri həyata keçirilib.
İsmayıl Abbasovun sözlərinə görə, hesabat dövründə su istifadəçilərinə 307,30 milyon kubmetr su verilib, təkrar suvarma da daxil olmaqla, ümumilikdə 236 352 hektar torpaq sahəsi suvarılıb. Suvarılan sahələrin 4 715 hektarını 2026-cı ilin payızlıq taxıl əkinlərinin səpsuvarı təşkil edib.
Şöbə rəsmisi qeyd edib ki, hazırda muxtar respublikanın su anbarlarında, irili-xırdalı su tutarları da daxil olmaqla, ümumilikdə 201 milyon 740 min kubmetr su ehtiyatı mövcuddur. Ötən ilin müvafiq dövründə bu göstərici 78 milyon 941 min kubmetr olub. Beləliklə, su ehtiyatı ötən illə müqayisədə təxminən 2,6 dəfə artıb.
O bildirib ki, payız suvarma mövsümü ərzində suvarma şəbəkələrinin fəaliyyətinə nəzarət gücləndirilib, aşkar olunan nasazlıqların operativ aradan qaldırılması, su itkilərinin qarşısının alınması və suyun bölgüsünün səmərəli təşkili istiqamətində tədbirlər görülür.
İsmayıl Abbasov vurğulayıb ki, payızlıq əkinlərdə aqrotexniki tədbirlərin vaxtında həyata keçirilməsi, torpağın əkinə hazırlanması və suvarma qrafiklərinə əməl olunması mühüm əhəmiyyət daşıyır. Bu baxımdan fermer və torpaq istifadəçilərinin suvarma suyundan qənaətlə, müəyyən edilmiş normalara uyğun istifadə etməsi, əkin sahələrini vaxtında suvarmaya hazırlaması vacibdir.
O, həmçinin suvarma suyuna olan tələbatın vaxtında ödənilməsi və mövcud ehtiyatlardan səmərəli istifadə məqsədilə aidiyyəti qurumlar tərəfindən nəzarət və maarifləndirmə tədbirlərinin davam etdirildiyini bildirib.
Müsahibəni hazırladı:
Xosrov İbrahimov








