Şərurun 18 kəndində işıq olmayacaq

Şərurun 18 kəndində işıq olmayacaq

03 Noyabr 2026

Noyabrın 4-də Şərur rayonunun 18 kəndində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə“Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) məlumat verilib.

Bildirilib ki, 154/110/35 kV-luq Arpaçay yarımstansiyasında “AzərEnerji” ASC-nin Naxçıvan Enerji MMC tərəfindən aparılacaq təmir-bərpa işləri ilə əlaqədar saat 13:00-dan 15:00-dək 35 kV-luq Xanlıqlar və Mahmudkənd hava elektrik xətlərində elektrik enerjisinin verilişi dayandırılacaq.

Müvəqqəti fasilə Cəlilli, Mahmudkənd, Oğlanqala, Yenihavuş, Xətai, Oğuz, Aşağı Daşarx, Tənənəm, Danyeri, Xanlıqlar, Püsyan, Təzəkənd, Stansiya Daşarx, Ələhli, Vərməziyar, İbadulla, Qışlaq Abbas və Tumaslı kəndlərini əhatə edəcək.

Qeyd edək ki, elektrik təchizatı sisteminin etibarlılığının artırılması məqsədilə xətlərdə və yarımstansiyalarda təmir-bərpa və yenidənqurma işləri mərhələli şəkildə davam etdirilir. İşlər başa çatdıqdan sonra abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması nəzərdə tutulur.