Günel Mehnətli: Kibertəhlükəsizlik yalnız texniki məsələ deyil, milli təhlükəsizliyin mühüm tərkib hissəsidir

Günel Mehnətli: Kibertəhlükəsizlik yalnız texniki məsələ deyil, milli təhlükəsizliyin mühüm tərkib hissəsidir

19 May 2026

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Rəqəmsal İnnovasiyalar və Süni İntellekt Sektorunun müdiri Günel Mehnətli süni intellekt, rəqəmsallaşma və kibertəhlükəsizlik sahəsindəki inkişaf tendensiyaları və muxtar respublikada həyata keçirilən layihələr barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə müsahibə verib.

O, qeyd edib ki, bu gün dünyada ən sürətlə inkişaf edən istiqamətlərdən biri məhz süni intellekt, rəqəmsallaşma və kibertəhlükəsizlikdir: "Texnologiya artıq yalnız gündəlik həyatımızı deyil, təhsil, dövlət idarəçiliyi, iqtisadiyyat və təhlükəsizlik kimi mühüm sahələri də köklü şəkildə dəyişdirir."

Günel Mehnətli vurğulayıb ki, süni intellekt proseslərin avtomatlaşdırılmasına, resurslardan daha səmərəli istifadəyə və operativ qərar qəbuluna geniş imkanlar yaradır. Rəqəmsal transformasiya isə dövlət xidmətlərini daha əlçatan, şəffaf və çevik edir: "Xidmətlərin elektron platformalar vasitəsilə həyata keçirilməsi həm vətəndaş məmnuniyyətini artırır, həm də idarəetmədə səmərəliliyi gücləndirir."

Sektor müdiri kibertəhlükəsizliyin strateji əhəmiyyətini xüsusi olaraq diqqətə çatdırıb: "Kibertəhlükəsizlik yalnız texniki məsələ deyil, eyni zamanda milli təhlükəsizlik və dayanıqlı inkişafın mühüm tərkib hissəsidir."

Günel Mehnətli bildirib ki, Nazirlik bu istiqamətdə cari ilin yanvar ayından etibarən genişmiqyaslı tədbirlər həyata keçirir. Həyata keçirilən ən mühüm təşəbbüslərdən biri Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş "Rəqəmsal Təhlükəsizlik Dərsi" layihəsi olub. Layihənin əsas məqsədi gənclər və məktəblilər arasında rəqəmsal təhlükəsizlik mədəniyyətinin formalaşdırılması, internetdən təhlükəsiz istifadə vərdişlərinin aşılanması və kibertəhdidlərə dair məlumatlılığın artırılmasından ibarət olub.

Həmçinin, Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən “Rəqəmsal Mühafizə: Məlumat Təhlükəsizliyinin Gücləndirilməsi” mövzusunda interaktiv maarifləndirmə və tətbiqetmə tədbiri təşkil olunub.

Naxçıvan şəhər Uşaq-Gənclər Şahmat Məktəbində təşkil olunan tədbirdə muxtar respublika üzrə dövlət qurumlarının informasiya texnologiyaları mütəxəssisləri və informasiya təhlükəsizliyi üzrə məsul şəxsləri iştirak edib.

Bu günədək 24 ümumi təhsil müəssisəsində internet təhlükəsizliyi və rəqəmsal savadlılıq mövzusunda, 3 dövlət qurumunda isə kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri keçirilib.

Müsahibədə həmçinin Nazirlik ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi nəzdindəki Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin birgə təşkilatçılığı ilə muxtar respublikada fəaliyyət göstərən dövlət qurumlarının rəhbər heyəti üçün xarici ekspertlərin iştirakı ilə kibertəhlükəsizlik təlimi təşkil olunduğu vurğulanıb. Günel Mehnətliyə görə, bu cür əməkdaşlıqlar qabaqcıl beynəlxalq təcrübənin tətbiqinə və institusional dayanıqlığın gücləndirilməsinə xidmət edir.

Sektor müdiri sözlərini belə yekunlaşdırıb: "Əsas məqsədimiz rəqəmsal transformasiyanı sürətləndirmək, təhlükəsiz texnoloji mühit formalaşdırmaq və vətəndaşların bu imkanlardan daha səmərəli şəkildə faydalanmasını təmin etməkdir."

Müsahibəni hazırladı:

Nəzrin Umay