Sahibə Qafarova İqor Sergeyenko mətbuata bəyanatla çıxış ediblər
Milli Məclisin sədri Sahibə Qafarova və Belarus Respublikası Milli Assambleyası Nümayəndələr Palatasının sədri İqor Sergeyenko ikitərəfli görüşdən sonra mətbuata bəyanatla çıxış ediblər.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, İqor Sergeyenkonun hazırda Azərbaycanda rəsmi səfərdə olmaqla yanaşı, həm də Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında Belarus Respublikasını təmsil etdiyini və dünən açılış mərasimində iştirak etdiyini söyləyən spiker Sahibə Qafarova deyib ki, bu da, əslində Azərbaycan-Belarus münasibətlərinin mahiyyətini açıq şəkildə nümayiş etdirən bir məqamdır. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi, bu münasibətlər zamanın sınağından çıxıb və Belarus ilə Azərbaycanın etibarlı dost olmaları heç kimdə şübhə doğurmur.
Bu gün iki ölkə arasındakı münasibətlərin səmimi dostluq, konstruktiv dialoq, qarşılıqlı etimad və dəstək əsasında bütün istiqamətlər üzrə ardıcıl surətdə genişləndiyini və artıq strateji tərəfdaşlıq xarakteri daşıdığını bildirən Milli Məclisin sədri, dövlət başçıları arasındakı dostluq münasibətlərinin, ali səviyyəli qarşılıqlı səfərlərin və görüşlərin əlaqələrin inkişafındakı rolunu xüsusilə vurğulayıb. Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin Belarusa, Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi və işgüzar səfərləri həyata keçirilib. Aleksandr Lukaşenkonun 2024-cü ilin mayında Azərbaycana dövlət səfəri, aparılmış danışıqlar və imzalanmış sənədlər isə əlaqələrin inkişafına yeni təkan verib. Belarus Prezidenti həmin səfər çərçivəsində işğaldan azad olunmuş torpaqlarımızda – Şuşada və Füzulidə də olub və aparılan bərpa işləri ilə yaxından tanış olub. Həmçinin, Aleksandr Lukaşenko 2024-cü ilin noyabrında Bakıda keçirilmiş COP29-da da iştirak edib.
Spiker Sahibə Qafarova məmnunluqla qeyd edib ki, parlamentlərarası əlaqələrimiz də ölkələrimiz arasındakı münasibətlərin hazırki səviyyəsinə uyğundur. O, 2024-cü ilin iyununda Belarusa rəsmi səfərini və keçirdiyi görüşləri, o cümlədən Prezident Aleksandr Lukaşenko ilə görüşünü, həmçinin ötən ilin fevralında Belarus Respublikası Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanovanın Azərbaycana rəsmi səfərini xatırladaraq, deyib ki, parlamentlərimizin rəhbərləri səviyyəsində həyata keçirilən bütün bu səfərlər və görüşlər əlaqələrimizin mövcud səviyyəsinin bir göstəricisidir. Bu gün parlamentlərimizdə fəaliyyət göstərən dostluq qrupları müntəzəm olaraq təmasdadırlar. Deputatlarımız qarşılıqlı olaraq həm Azərbaycanda, həm də Belarusda təşkil olunan tədbirlərdə təmsil olunurlar.
O cümlədən, diqqətə çatdırılıb ki, qanunvericilik orqanlarımız Parlamentlərarası İttifaq, MDB Parlament Assambleyası, Asiya Parlament Assambleyası kimi beynəlxalq təşkilatlarda əməkdaşlıq edirlər. Məhz Milli Məclisin APA-ya sədrliyi dövründə Belarus parlamenti bu strukturda müşahidəçi statusu əldə edib.
Mühüm platformalardan biri kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılmış və hazırda Milli Məclisin sədrlik etdiyi Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin də əhəmiyyəti vurğulanıb.
Yekunda spiker Sahibə Qafarova bir daha Azərbaycan və Belarus parlamentləri arasında əlaqələrin çox yaxşı səviyyədə olduğunu qeyd edib.
Belarus Respublikası Milli Assambleyası Nümayəndələr Palatasının sədri İqor Sergeyenko da mətbuat qarşısında çıxışı zamanı ölkəmizə səfəri və parlamentlərimiz arasında münasibətlərə dair müsbət fikirlərini bölüşüb. O, Belarus Prezidenti Aleksandr Lukaşenkonun tapşırığı ilə Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında iştirak etdiyini xatırladaraq, deyib ki, yüksək səviyyədə təşkil olunmuş tədbirin miqyası heyranedicidir. Hər şey kifayət qədər mütəşəkkil, planlı və maraqlı şəkildə təşkil olunub. Qonaq, həmçinin şəhərsalma və urbanizasiya sahəsində ölkəsinin təcrübəsi və əldə etdiyi nailiyyətlər barədə də məlumat verib.
İqor Sergeyenko parlamentlərimiz arasında münasibətlərə də toxunaraq, bu münasibətlərin yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edib. O, deyib ki, bu gün bizim üçün qapalı mövzu demək olar ki, yoxdur. Biz açıq danışırıq, dəstək sözləri, dostluq sözləri deyirik, təcrübə mübadiləsi aparırıq. Qonaq qeyd edib ki, parlamentlərarası dialoqun fəallaşmasında ölkələrimizin parlamentlərində yaradılmış dostluq qrupları mühüm rol oynayır. Bugünkü görüşlərdə dostluq qruplarının rəhbərləri olan deputatlar və ölkəmizin Respublika Şurasının üzvləri də iştirak edirlər.








