Naxçıvan iqtisadiyyatı 2026-cı ilin ilk dörd ayında sabit inkişaf tempini qorudu
2026-cı ilin yanvar-aprel ayları ərzində Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi inkişaf üzrə əsas makroiqtisadi göstəricilərdə müsbət dinamika müşahidə olunmuşdur. Cari ilin 4 ayı ərzində muxtar respublikada Ümumi Daxili Məhsul istehsalı 514,2 milyon manat təşkil etmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ÜDM real ifadədə 3,7 faiz artmışdır. Bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilmiş investisiyaların həcmi 60,9 milyon manat olmuş, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 23,1 faiz artım qeydə alınmışdır. İnvestisiya qoyuluşlarının artması muxtar respublikada infrastrukturun yenilənməsi, istehsal imkanlarının genişləndirilməsi və iqtisadi fəallığın dəstəklənməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, sənaye sahəsində də artım dinamikası davam etmişdir. Cari ilin 4 ayı ərzində sənaye məhsulu istehsalının həcmi 178,3 milyon manat təşkil etmiş, ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,9 faiz artmışdır. Sənaye məhsulu istehsalında malların istehsalının payı 85,4 faiz, xidmətlərin istehsalının payı isə 14,6 faiz olmuşdur. 2026-cı ilin yanvar-aprel aylarında muxtar respublikada 2 milyon 272 min 500 ton yük daşınmış, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz artmışdır. Eyni dövrdə sərnişin daşınması 0,9 faiz artımla 15 milyon 174 min 500 nəfər təşkil etmişdir.
Xarici ticarət dövriyyəsinin həcmi 47,1 milyon ABŞ dolları olmuşdur. Bunun 42,6 milyon ABŞ dolları idxalın, 4,5 milyon ABŞ dolları isə ixracın payına düşmüşdür. Ötən ilin müvafiq dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi 18,4 faiz artmışdır.
Kənd təsərrüfatı məhsulu istehsalı üzrə də müsbət dinamika müşahidə olunmuşdur. 2026-cı ilin yanvar-aprel aylarında kənd təsərrüfatı məhsulu istehsalının həcmi 63,4 milyon manat təşkil etmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz artım deməkdir. Bu göstəricinin 4,4 milyon manatı bitkiçilik, 59,0 milyon manatı isə heyvandarlıq sahəsinin payına düşmüşdür.
Sahibkarlığın inkişafının dəstəklənməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Naxçıvan Muxtar Respublikasında Sahibkarlığın İnkişafı Fondu tərəfindən hesabat dövründə verilmiş kreditlərin həcmi 2,5 milyon manat təşkil etmişdir. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 34,3 faiz artmışdır.
Ümumilikdə, 2026-cı ilin yanvar-aprel ayları üzrə göstəricilər Naxçıvan Muxtar Respublikasında iqtisadi sahələr üzrə dayanıqlı inkişaf meyillərinin davam etdiyini, investisiya fəallığının artdığını, sənaye, kənd təsərrüfatı, nəqliyyat, xarici ticarət və sahibkarlığın dəstəklənməsi istiqamətlərində müsbət nəticələrin əldə olunduğunu göstərir.















