Herostrat Artemida məbədini yenidən yandırdı -

Herostrat Artemida məbədini yenidən yandırdı - FOTO

15 İyul 2025

2025-ci il iyulun 10-da Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının direktor müavini, Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Səməd Canbaxşiyev Türkiyənin Sardes şəhərində keçirilən “10-cu Salihli Sardes Beynəlxalq Dionysus Teatr Festivalı – Teatr təlim düşərgəsi”ndə monotamaşa ilə çıxış edib.

Maraqlısı budur ki, monotamaşa Artemida məbədinin qalıqları üzərinə nümayiş olunub.

Festivalda təqdim olunan səhnə əsəri Q. Qorinin “Herostratı unudun” pyesi əsasında hazırlanıb. Monotamaşada Səməd Canbaxşiyev tarixə yalnız dağıdıcı bir hərəkətlə düşmək istəyən Herostrat obrazını canlandıraraq, tamaşaçını şöhrət və unudulmazlıq arasında faciəvi seçimin fəlsəfi tərəfləri ilə üz-üzə qoyub.

Ağır emosional və intellektual yük, aktyorun səhnədəki plastikası və daxili enerjisi tamaşanın təsir gücünü daha da artırıb. Festival auditoriyası Canbaxşiyevin peşəkar ifasını maraq və rəğbətlə qarşılayıb. Tamaşa proqramda psixoloji dərinliyi və fəlsəfi məzmunu ilə seçilən əsərlərdən biri kimi yadda qalıb.

Qeyd edək ki, “Herostratı unudun” tamaşasının premyerası 2025-ci il yanvarın 25-də Naxçıvan Dövlət Milli Dram Teatrında baş tutub. Tamaşanın quruluşçu rejissoru teatrın direktoru Mir Qabil Əkbərov, səhnə tərtibatçısı isə əməkdar rəssam Səyyad Bayramovdur.

Monotamaşa bu ilin may ayında Türkiyənin Dənizli şəhərində keçirilən beynəlxalq festivalda da nümayiş etdirilib.

Səməd Canbaxşiyev festival çərçivəsində həm də Naxçıvan Teatrının tarixi və yaradıcılıq ənənələrinə dair iştirakçılara ustad dərsi təqdim edib.

Həmçinin Səməd Canbaxşiyevin peşəkar oyunu və festival Türkiyənin yerli mediasında da geniş işıqlandırılıb.