
Naxçıvan Dövlət Milli Dram Teatrında teatr mövsümünün bağlanış mərasimi keçirilib - FOTO
İyun ayının 28-də C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında 2024–2025-ci il teatr mövsümünün rəsmi bağlanış mərasimi keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirin açılışında çıxış edən teatrın direktoru və baş rejissoru Mir Qabil Əkbərov mövsümün ötən illə müqayisədə daha məhsuldar keçdiyini vurğulayıb. O, mövsüm ərzində təqdim olunan tamaşaların tamaşaçılar tərəfindən maraqla qarşılandığını və yaradıcı kollektivin səylərinin yüksək dəyərləndirildiyini bildirib.
Mərasimdə irland dramaturqu Samuel Bekketin "Qodonun intizarında" adlı absurd tamaşası səhnələşdirilib. Tamaşa teatrsevərlər tərəfindən maraqla izlənilib.
Tədbir çərçivəsində teatrın həyata keçirdiyi “Teatr çələngi” layihəsi də diqqət mərkəzində olub. Layihədə iştirak edən xalq teatrları və müxtəlif yaradıcı kollektivlərin fəaliyyəti xüsusi qeyd olunub.
Teatr mövsümündə fəal iştirak edən yaradıcı və texniki heyət nümayəndələrinə təşəkkürlər bildirilib. Eyni zamanda teatrın inkişafına göstərdiyi dəstəyə görə “Naxçıvanxəbərləri” İnformasiya Portalına təşəkkürnamə təqdim olunub.
Çıxış edənlər teatrın cari mövsümdəki uğurlarını yüksək qiymətləndirib, regionlarda teatr fəaliyyətinin gücləndirilməsi istiqamətində görülən işlərin əhəmiyyətindən bəhs ediblər.