Həzrəti Məhəmməd (s.ə.s) - İslamın sonuncu peyğəmbəri və bəşəriyyət üçün əxlaq nümunəsi

Həzrəti Məhəmməd (s.ə.s) - İslamın sonuncu peyğəmbəri və bəşəriyyət üçün əxlaq nümunəsi

08 Sentyabr 2025

İslam dini tarix boyu insanlığın mənəvi, əxlaqi və ictimai inkişafında mühüm rol oynamışdır. Bu dinin banisi, Allahın son elçisi Həzrəti Məhəmməd ibn Abdullah (sallallahu əleyhi və səlləm) isə bəşəriyyətin ən uca şəxsiyyətlərindən biri kimi tarixə həkk olunmuşdur. Onun həyatı, fəaliyyəti və dini irsi yalnız İslam dünyasında deyil, ümumbəşəri düşüncədə də dərin iz buraxmışdır.

Həzrəti Peyğəmbər (s.ə.s) 571-ci ildə, Rəbiül-Əvvəl ayının 12-si (bəzi mənbələrə görə 17-si) Məkkə şəhərində – Qureyş qəbiləsinin Haşimi qolunda dünyaya gəlmişdir. O, erkən yaşlarında valideynlərini itirmiş və müxtəlif ailə üzvlərinin himayəsində böyümüşdür. Ərəbistanın bütpərəstlik və qəbiləçilik mühitində böyüsə də, yüksək əxlaqı və dürüstlüyü ilə seçilərək “əl-Əmin” – “etibarlı” adı ilə tanınmışdır.

40 yaşında ikən, Məkkə yaxınlığında yerləşən Hira mağarasında Cəbrail (əleyhissəlam) vasitəsilə ona ilk vəhy nazil olmuşdur. Allah-Təalanın ilk əmri belə idi:

“Oxu! Yaradan Rəbbinin adı ilə oxu!” (əl-Ələq surəsi, 1).

Bu hadisə peyğəmbərlik missiyasının başlanğıcı idi və sonrakı illərdə nazil olan ayələr Qurani-Kərim şəklində toplanmışdır.

Həzrəti Məhəmməd (s.ə.s) insanları bütlərə sitayişdən, ədalətsizlikdən uzaqlaşdıraraq tövhidə – tək Allaha inama dəvət etmişdir. Məkkə müşriklərinin təqiblərinə baxmayaraq, iman gətirənlərin sayı artmış, İslamın nuru getdikcə yayılmışdır. 622-ci ildə baş verən hicrət hadisəsi ilə Mədinədə ilk İslam dövləti qurulmuş, Peyğəmbər (s.ə.s) həm dini, həm də siyasi lider kimi fəaliyyət göstərmişdir. Onun rəhbərliyi ilə Mədinə Sazişi imzalanaraq müxtəlif icmalar arasında sülh və sabitlik təmin edilmişdir.

Qurani-Kərimdə buyurulur:

“Şübhəsiz ki, sən böyük əxlaq sahibisən.” (əl-Qələm, 4).

Bu ayə Həzrəti Peyğəmbərin (s.ə.s) insanlıq üçün əxlaq nümunəsi olduğunu təsdiq edir. İslam teologiyasına görə, o, “xatəmün-nəbiyyin” – yəni peyğəmbərlərin sonuncusudur (əl-Əhzab, 40). Onun gətirdiyi ilahi mesaj əbədi və dəyişməzdir.

Həzrəti Məhəmməd (s.ə.s) yalnız dini rəhbər deyil, həm də müdrik dövlət başçısı, cəmiyyətin bütün təbəqələrinə ədalət və mərhəmətlə yanaşan bir şəxsiyyət idi. Onun həyat yolu və təlimləri bu gün də insanlıq üçün ən doğru istiqamət və əxlaqi örnəkdir.

Peyğəmbərimizin nurlu irsi göstərir ki, o, həm zaman, həm də məkan fərqindən asılı olmayaraq, bütün bəşəriyyət üçün universal dəyərlərin daşıyıcısıdır. Bu dəyərlərə sadiq qalmaq, onları həyatımızda tətbiq etmək həm fərdi, həm də ictimai inkişafımızın əsas şərtidir.

Əli ORUCOV

Naxçıvan Muxtar Respublikası Qazısı yanında Şuranın sədri