
Naxçıvanlı şahmatçılar Bitlisdə keçirilən beynəlxalq turnirdə iştirak edib - FOTO
2-7 sentyabr tarixlərində Türkiyənin Bitlis şəhərində “Betav Uluslararası Açık Satranç Turnuvası” beynəlxalq şahmat turniri keçirilib. Yarışda 16 ölkədən 400-ə yaxın şahmatçı üç kateqoriyada mükafatlar üçün mübarizə aparıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvandan turnirə qatılan 20 şahmatçıdan ikisi uğurlu nəticəyə nail olub. Beynəlxalq usta Pərviz Qasımov ən reytinqli şahmatçıların mübarizə apardığı “A” kateqoriyasında 9 oyuna 6,5 xal toplayaraq ümumi sıralamada 8-ci olub. Birinci yerdən cəmi yarım xal fərqi olan şahmatçımız turniri ilk onluqda tamamlayan mükafatçılardan biri olub.
Digər təmsilçimiz Xatun Nəcəfova isə “B” kateqoriyasında 5 xal toplayaraq qadınlar arasında ikinci yerin sahibi olub. Şahmatçımız liderlə eyni göstəriciyə malik olsa da, əmsal fərqinə görə gümüş medala layiq görülüb.