İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış edib - FOTO, YENİLƏNİB
Mayın 4-də Ermənistanın paytaxtı İrəvan şəhərində "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısı keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə videobağlantı formatında çıxış edib.
x x x
Tədbirdə Ermənistanın Baş naziri Nikol Paşinyan çıxış edərək, indi Azərbaycanla sülhə nail olunduğunu, artıq iki ildir heç bir tərəfdə tələfat olmadığını və bu dövrün müstəqilliyimizdən bəri yaşadığımız misilsiz illər olduğunu bildirib. Qeyd edib ki, indi iki ölkə arasında sülhü gücləndirmək və institusionallaşdırmaq məqsədilə tərəflər sıx şəkildə çalışırlar. Ermənistanın Baş naziri ilk dəfədir ki, Azərbaycan Prezidentinin onlayn formatda olsa da belə Ermənistanda keçirilən tədbirdə iştirak etdiyini xüsusi vurğuladı və ümidvar olduğunu bildirib ki, 2028-ci ildə "Avropa Siyasi Birliyi"nin 10-cu toplantısında iştirak etmək üçün Azərbaycana səfər imkanı olacaq. Nikol Paşinyan Ermənistanın və Azərbaycanın "Avropa Siyasi Birliyi"nin toplantısını qəbul etmək üçün bir-birinin namizədliyini qarşılıqlı şəkildə dəstəklədiklərini də vurğulayıb.
Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta tədbir iştirakçılarına və videokonfrans vasitəsilə toplantıya qoşulan Prezident İlham Əliyevə təşəkkürünü ifadə edib. Bildirib ki, bu toplantı tarixi səciyyə daşıyır, çünki onun keçirilməsi Ermənistan və Azərbaycan arasında razılaşma sayəsində mümkün olub. Bu razılaşma Avropada bir sülh hekayəsidir, eskalasiyanın və müharibənin hökmranlıq etdiyi bir dünyada alqışlanmalıdır.
Ukrayna Prezidenti Volodimir Zelenski isə çıxışına mühüm mesajla başlayıb. "Biz Ermənistana və Azərbaycana yalnız sülh - dayanıqlı, hərtərəfli, uzunmüddətli sülh arzulayırıq. Biz bunu, Baş nazir, sizə, Prezident Əliyevə və hər iki ölkənin xalqlarına arzulayırıq", - deyə o xüsusi vurğulayıb.
Kanadanın Baş naziri Mark Karni də Ermənistan ilə Azərbaycan arasında sülh istiqamətində əldə olunmuş tərəqqiyə görə təbriklərə qoşulduğunu bəyan etdi və Prezident İlham Əliyevi salamlayıb.












