Müasir ədəbiyyatşünaslığa yeni töhfə
Azərbaycan ədəbiyyatı tarixi üçün çox görkəmli şəxsiyyətlərdən biri kimi mütəfəkkir yazıçı Mirzə Fətəli Axundzadənin bütün tərəflərilə öyrənilməsi hər zaman böyük ehtiyac duyulan məsələlərdən olmuşdur. Ümumiyyətlə, Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixində yenilikçi xidmətlərilə yadda qalan Axundzadə həm yazıçı, şair, publisist, həm görkəmli tənqidçi, həmçinin milli teatrımızın ən gözəl nümunələrini yaradan böyük dramaturq, həm də filosof kimi özünə geniş şöhrət qazanmışdır. Azərbaycan ədəbiyyatında maarifçi realizmin görkəmli nümayəndəsi olmaqla bərabər, öz əsərlərilə həm də onun zirvəsində dayanmışdır. Onun ədəbi-tənqidi fikirləri yeni tipli ədəbiyyatımızın formalaşmasında mühüm istiqamət təşkil etmişdir. Bütövlükdə peşəkar dramaturgiya və milli teatrın yaranmasına görə isə, əsasən, Axundzadəyə minnətdarıq. Lakin bununla belə onun yenilikçi ideyaları ictimai mühit tərəfindən düzgün anlaşılmamış, xüsusilə “mən bütün külli ədnanı puç və əfsanə hesab edirəm” ifadəsinə görə qatı ateist kimi qarşılanaraq hər cür ehtiramdan xali tutulmuşdur. Razılıq doğuran haldır ki, hələ sovet dövründən etibarən xalqımızın Ümummilli Lideri Heydər Əliyev M.F.Axundzadə irsinə böyük qayğı nümayiş etdirmiş, yubileylərinin keçirilməsini davamlı olaraq diqqət mərkəzində saxlamış, bu ənənə müstəqillik dövründə də ön planda tutularaq davam və inkişaf etdirilmişdir. Axundzadə şəxsiyyəti və ideyaları ədəbiyyatımızın yaddaşında dərin bir iz buraxmış, möhkəm zəminlə əbədi yer qazanmışdır. Onun ideyaları, sənətkarlığı və əməlləri ədəbiyyatımız üçün də bir ideya-sənətkarlıq mənbəyi olmuş, yazıçı və şairlərimiz bu nəhəng ədəbi şəxsiyyətin ölməz və əzəmətli obrazını yaratmaq kimi əhəmiyyətli bir yaradıcılıq fəaliyyəti də göstərərək ədəbiyyatımızı zənginləşdirmişlər. Bu gün də M.F.Axundzadə irsi və şəxsiyyətinin öyrənilməsi ən ümdə vəzifələrdən biri kimi dayanır. Bu baxımdan fərqli istiqamətlərə aid elmi əsərlərdə M.F.Axundzadə ilə bağlı müxtəlif mövzulara qayıdış da bu ədəbi və elmi ehtiyacı nəzərə alan zəruri ehtiyaclardan biridir. Bu cəhətdən bədii ədəbiyyatda M.F.Axundzadə ilə bağlı yaradılan müxtəlif bədii əsərlərin təhlil və tədqiq edilməsi də olduqca əhəmiyyətli və vacib məsələlərdəndir. Naxçıvan Dövlət Universitetinin müəllimi Zamin İsrafil oğlu Babazadənin təqdim olunan monoqrafiyası məhz bu zərurət və elmi ehtiyacı nəzərə alan çox qiymətli elmi tədqiqat işi kimi diqqətəlayiqdir. Filologiya üzrə fəlsəfə doktoru Zamin İsrafil oğlu Babazadənin “Mirzə Fətəli Axundzadə obrazı Azərbaycan ədəbiyyatında” mövzusundakı monoqrafiyası özünün aktuallığı, əhəmiyyəti və elmi yeniliyi ilə müasir ədəbiyyatşünaslığa töhfə kimi qiymətləndirilə bilər. Əsərin elmi redaktoru filologiya elmləri doktoru, dosent Fərman Xəlilov, rəyçiləri filologiya üzrə fəlsəfə doktoru, dosent Əli Həşimov və filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədovdur.
Haqqında bəhs edilən monoqrafiya “Giriş”, 3 fəsil, “Nəticə” və “İstifadə edilmiş ədəbiyyat siyahısı”ndan ibarətdir.
“Giriş”də mövzunun aktuallığı və işlənmə dərəcəsi əsaslandırılmış, müdafiəyə çıxarılan müddəalar və tədqiqat vəzifələri müəyyənləşdirilmiş, çoxsaylı elmi yeniliyə malik olan xüsisiyyətləri göstərilmiş, təcrübi əhəmiyyəti və s. ümumiləşdirilmişdir. Qeyd edək ki, əsər həm kifayət qədər mövzu aktuallığına, həm zəngin problematik məsələlərin tədqiqi ehtiyacına, həm də bir sıra ciddi elmi yeniliyə və praktik əhəmiyyətə malik olması ilə səciyyəvidir. Belə bir əsərin ortaya gəlməsi bədii yaradıcılığı və fəlsəfi qayəsi ilə zəngin bir mənəvi xəzinə təşkil edən ədəbiyyatımız və ədəbi fikrimizin mübariz və yenilikçi ədəbi siması olan M.F.Axundzadəyə həsr olunan çoxsaylı bədii əsərlərdə təqdimini tapan obrazının tədqiq edilməsi ilə elmimizin və ədəbiyyatımızın inkişafına mühüm bir töhfə kimi qiymətləndirilə bilər. Fikrimizcə, əsər mövzu etibarilə də aktuallıq kəsb edərək Azərbaycan ədəbiyyatşünaslığının mühüm, əhəmiyyətli bir məsələsini əhatə edir.
Monoqrafiyanın “M.F.Axundzadə: ədəbi-tənqidi görüşləri və Azərbaycan poeziyasinda obrazı” adlanan birinci fəsli üç paraqrafdan ibarətdir.
Fəslin “M.F.Axundzadənin ədəbi-tənqidi görüşləri” adlanan birinci paraqrafında müəllif Axundzadənin obrazının tam yaradılması və şəxsiyyətinə uyğunluğunu meyara çevirmək məqsədindən irəli gələrək onun ədəbi-tənqidi görüşlərini araşdırma predmetinə çevirmişdir. M.F.Axundzadənin peşəkar Azərbaycan ədəbi tənqidinin formalaşmasındakı xidmətləri və konkret fikirlərini elmi-tənqidi cəhətdən əks etdirən müəllif Axundzadə şəxsiyyətini özündə təcəssüm etdirən bir düşüncə panoraması formalaşdırmağa nail olmuşdur. Müəllif tərəfindən formalaşdırlan bu ümumi təəssüart bədii əsərlərə daşınan və yaradılan M.F.Axundzadə obrazının ilkin qaynağı və həqiqətəuyğunluğunun meyarı kimi çıxış edir.
Birinci fəslin “Azərbaycan şeirində Mirzə Fətəli obrazı” adlanan ikinci paraqrafında Azərbaycan şairlərinin şeir yaradıcılığında M.F.Axundzadəyə həsr edilən çoxsaylı nümunələr haqda bəhs edilmiş və təhlildən keçirilmişdir. Burada müəllif M.F.Axundzadə obrazının yaradıldığı şeirlər və onların başlıca ideya-estetik məsələlərilə məşğul olmuşdur. Müəllif təhlilin istiqamətini konkret məqsədə doğru çəkərək şeir nümunələrində Axundzadə obrazının hansı keyfiyyət və xüsusiyyətlər baxımından bədii yer aldığı məsələləri, eləcə də yaradılan obrazın əlamətlərini tədqiqata cəlb edərək sanballı qənaətlər səsləndirmişdir. Tədqiqatçının bu qənaəti də təqdirəlayiq hesab oluna bilər ki, Azərbaycan şairlərinin bədii yaradıcılığında Azərbaycanın digər böyük simaları ilə birgə M.F.Axundzadəyə də müraciət davamlı ənənə təşkil etmiş, şairlər mütəfəkkir yazıçı olaraq yaddaşlarda dərin iz buraxmış, Azərbaycan xalqının ictimai düşüncəsinin formalaşması, maariflənməsi və yeniliyə qovuşmasında mühim xidmətlər göstərmiş, öz ideyaları uğrunda dönmədən mübarizə aparan M.F.Axundzadənin obrazı yaradılmışdır.
Birinci fəslin “M.F.Axundzadə obrazı poemalarda: epik vüsət və poetik qiymət” adlanan üçüncü paraqrafında tədqiqatın predmetinə Azərbaycan ədəbiyyatında M.F.Axundzadə haqqında bəhs edən poemalar daxil edilmişdir. Müəllifnın titiz tədqiqatçılığı ilə müəyyənləşdirilmiş poemalar təhlil obyektinə çevrilməklə Axundzadə obrazının əks etdirilməsi istiqamətində müəlliflərin diqqət kəsildikləri, əhəmiyyət verdikləri məsələlər nəzər diqqətə çatdırılmış, əhatəli araşdırmalar nəticəsi olaraq dolğun elmi qənaətlər ortaya qoyulmuşdur. Müəlliflərin Axundzadəyə həsr edilən qiymətli poemaları haqqında müəllif maraqlı, orijinal fikirlər səsləndirmiş, gəldiyi elmi qənaətlərlə ədəbiyyatşünaslığımızın zənginləşməsinə töhfələrini vermişdir.
Monoqrafiyanın “Azərbaycan bədii nəsrində Mirzə Fətəli Axundzadə obrazi” adlanan iki paraqrafdan ibarət ikinci fəslində M.F.Axundzadəyə həsr edilmiş bədii nəsrin qiymətli nümunələri təhlil edilmiş, Axundzadə obrazının xüsusiyyətləri haqda maraqlı fikirlər səsləndirilmişdir.
İkinci fəslin “M.F.Axundzadə obrazı roman, povest və hekayələrdə” adlanan birinci paraqrafında müəllifnın əsl təhlil və tədqiq məharəti özünü aydın nümayiş etdirir. Müəllif Azərbaycan bədii fikrində özünə möhkəm yer tutmuş bədii nəsr nümunələrini ciddi surətdə araşdıraraq M.F.Axundzadə obrazı haqqında mükəmməl qənaətlər ortaya qoymuşdur. Müəllifnın buradakı təhlilləri özünün elmiliyi və polemikliyi ilə xüsusilə diqqəti cəlb edir. Müəllif təhlil etdiyi əsərlər və qeyd edilən faktlar haqqında ədəbi fikirdə mövcud olan müəxtəlif, hətta bir-birinə zidd fikirlərə də münasibətsiz qalmamış, polemika açaraq konkret faktlar əsasında özünün dolğun, inandırıcı mühakimələrini yürütmüş və sanballı nəticələr ifadə etmişdir. Müəllifnın Çingiz Hüseynovun “Fətəli fəthi” əsəri üzərində Axundzadə obrazını təhlil edən qeydləri xüsusilə müəllifnın maraqlı yanaşma tərzi ilə diqqəti cəlb edir. Müəllif həm bu paraqrafda, həm də əsərin digər bölmələrində yeri gəldikcə açdığı polemika və apardığı təhlillər zamanı M.F.Axundzadə obrazı haqqındakı reallıq və irreallıqları elmi süzgəcdən keçirmiş, faktları tutuşdurmuş və orijinal müqayisəli təhlillər ortaya qoymuşdur.
İkinci fəslin “M.F.Axundzadə obrazının bədii təcəssümü: epoxa və şəxsiyyət” adlanan ikinci paraqrafında müəllif bədii əsərlərdə yaradılmış M.F.Axundzadə obrazını epoxa və şəxsiyyət problemi kontekstində təhlil etmiş, şəxsiyyətin epoxaya, epoxanın da şəxsiyyətə qarşılıqlı təsiri və münasibətləri məsələsini araşdırmış, bu cəhətdən Axundzadənin talesizliyi və avam ictimai mühit, cahil din xadimləri tərəfindən qınaq yerinə çevrilməsi məsələsinə münasibət göstərmişdir.
Monoqrafiyanın iki paraqrafdan ibarət “M.F.Axundzadə obrazı Azərbaycan dramaturgiyasında” adlanan üçüncü fəslində dramaturgiya sahəsində ərsəyə gələn əsərlər içərisində M.F.Axundzadə obrazının yaradılması ilə bağlı tədqiqatlar yer almışdır.
Fəslin “Azərbaycan dramaturgiyasında M.F.Axundzadə obrazının bədii təcəssümü” adlı birinci paraqrafında müəllif M.F.Axundzadənin obrazı yaradılmış bir sıra dram əsərlərini təhlildən keçirmiş, M.F.Axundzadə obrazının yaradılması ilə bağlı dolğun fikir və tezislərini ifadə etmişdir. Müəllif problemdən məzmuna, məzmundan problemə istiqamətində tamamlayıcı təhlil apararaq əsərdə Axundzadə şəxsiyyəti ilə bağlı yaradılan təəssürat haqqında maraqlı fikirlər səsləndirmişdir. Müəllif burada da müxtəlif mühakimələrə biganə qalmayaraq polemika açmış və özünün sanballı mühakimələri ilə dolğun qərarlar və qənaətlər ifadə etmişdir.
“M.F.Axundzadənin obrazı Azərbaycan səhnəsində” adlanan üçüncü fəslin ikinci paraqrafında müəllif Azərbaycanın görkəmli mütəfəkkir və yazıçısı M.F.Axundzadəyə həsr edilmiş səhnə əsərləri, o cümlədən filmlər və tamaşalar üzərindəki təhlilləri fonunda böyük dramaturq, yazıçının obrazı haqqında fikirlərini səsləndirmişdir.
Ümumiyyətlə, əsər boyunca olduqca məzmunlu tədqiqat və təhlillər aparılmış, nəzəri və praktik cəhətdən maraqlı elmi nəticələr ortaya qoyulmuşdur. Xüsusilə də nəticə və qənaətlərin orijinallığı, özünəməxsusluğu müəllifnın elmi tədqiqat bacarığı və məharətini özündə təcəssüm etdirir. Müəllifnın təhlillər sırasında faktları idealizə etməməsi, özünün tənqidi münasibət bildirməsi və təkliflər səsləndirməsini də tədqiqatçılıq məharəti baxımdan yüksək dəyərləndirmək olar.
Monoqrafiyanın “Nəticə”sində irəli sürülmüş fikirlər ümumiləşmiş şəkildə tədqiqatın əsas məzmununu əhatə etmişdir. Ümumiyyətlə, monoqrafiyanın hər fəsli və paraqraflarında gəlinən nəticələr ümumi nəticədə dolğunluqla ifadə olunmuş, əsər haqqında yetkin fikir səsləndirilmişdir.
Ümumiyyətlə, Zamin İsrafil oğlu Babazadənin “Mirzə Fətəli Axundzadə obrazı Azərbaycan ədəbiyyatında” mövzusunda təqdim etdiyi monoqrafiya qiymətli bir əsərdir. Fəsillərin və paraqrafların adlarındakı elmi-məntiqi bağlılıq monoqrafiyanın konseptuallığı və sistemliliyini dolğun şəkildə nümayiş etdirir. Əsərin dili sadə və səlis, üslubi cəhətdən yetkindir. Əsərdə aparılan ciddi elmi təhlillər onun elmi sanbalını artırır və müasir ədəbiyyatşünaslıq üçün dəyərli bir tədqiqat əsəri olmasından xəbər verir.
Ramiz QASIMOV
filologiya elmləri doktoru, dosent
AMEA Naxçıvan Bölməsinin şöbə müdiri








