Naxçıvanda 94 kilometrlik yolların əsaslı təmiri planlaşdırılır
Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üzrə Dövlət Proqramına uyğun olaraq, yerli əhəmiyyətli və kənddaxili avtomobil yollarının yenidən qurulması istiqamətində işlər davam etdirilir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” tərəfindən həyata keçiriləcək layihə çərçivəsində ümumi uzunluğu 94,2 kilometr olan bir sıra yolların əsaslı təmiri nəzərdə tutulur. Təmir işləri Culfa şəhərdaxili yollarını, həmçinin Culfa rayonunun Kırna–Dizə–Gal–Şurud marşrutunu, Babək rayonunun Qahab, Naxışnərgiz və Nəcəfalıdizə–Nəhəcir kənddaxili avtomobil yollarını əhatə edəcək.
Layihənin icrası ilə bağlı 23 aprel 2026-cı il tarixində rəsmi tender portalında ümumi dəyəri 18,6 milyon manat təşkil edən açıq tender elan olunub.
Tender prosesi başa çatdıqdan sonra qalib podratçı müəyyən ediləcək və dərhal tikinti-quraşdırma işlərinə start veriləcək.
Qeyd edək ki, həyata keçiriləcək bu layihə bölgələrdə nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına, kəndlərarası əlaqələrin möhkəmləndirilməsinə və əhalinin rahat gediş-gəlişinin təmin olunmasına mühüm töhfə verəcək.








