Naxçıvanda “Sahibkarlar Günü”nə həsr olunmuş tədbir keçirilib - FOTO
Aprelin 24-də Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının birgə təşkilatçılığı ilə “Sahibkarlar Günü” münasibəti ilə tədbir keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, ilk öncə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzüblər.
Tədbir Azərbaycanın dövlət himninin səslənməsi, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Tədbirdə aidiyyəti dövlət qurumlarının rəhbər şəxsləri, eləcə də müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər.
Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev bildirib ki, Azərbaycanda bazar iqtisadiyyatının formalaşması və sahibkarlığın inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Nazir əlavə edib ki, Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 25 aprel tarixinin “Sahibkarlar Günü” kimi qeyd olunması sahibkarlığa verilən yüksək dəyərin göstəricisidir. Bildirilib ki, yoxlamaların dayandırılması, elektron qeydiyyatın tətbiqi, lisenziyalaşdırmanın təkmilləşdirilməsi, ixrac və investisiyaların təşviqi, subsidiyalar və güzəştli kreditlər özəl sektorun inkişafında mühüm rol oynayır. Nazir qeyd edib ki, 2026-cı ildən Naxçıvan Muxtar Respublikasında tətbiq olunan vergi, gömrük və sosial sığorta güzəştləri sahibkarlıq mühitinin daha da gücləndirilməsinə xidmət edir.
Kənd təsərrüfatı naziri Rafail Quliyev çıxışında bildirib ki, aqrar sahədə sahibkarlığın inkişafı prioritet istiqamətlərdəndir. O qeyd edib ki, muxtar respublikada aqrar sahənin inkişafı istiqamətində kompleks tədbirlər həyata keçirilir, fermerlərin texnika ilə təminatı, subsidiya mexanizmlərinin təkmilləşdirilməsi, elektron sistemlərin tətbiqi, həmçinin heyvandarlıq və bitkiçilik sahələrində müasir yanaşmalar genişləndirilir. Nazir diqqətə çatdırıb ki, innovativ texnologiyaların tətbiqi, tingçilik və bağçılıq sahələrinin inkişafı, eləcə də suvarma infrastrukturunun yenilənməsi istiqamətində görülən işlər kənd təsərrüfatının səmərəliliyini artırır və yerli istehsalın genişlənməsinə imkan yaradır.
Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov isə Naxçıvanda sahibkarlığın inkişaf perspektivləri, mövcud imkanlar və qarşıda duran vəzifələrlə bağlı fikirlərini bölüşüb.
“REGES” Tikinti Materialları MMC-nin direktoru Kamal Kərimov və “Badamlı Mineral Sular” MMC-nin direktoru Azad Həsənov fəaliyyət göstərdikləri sahələr üzrə təcrübələrini bölüşüb, dövlət tərəfindən göstərilən dəstəyin biznesin inkişafına müsbət təsir etdiyini qeyd ediblər.
Tədbir çərçivəsində sahibkarlıq sahəsində əldə etdikləri uğurlara və səmərəli fəaliyyətlərinə görə bir qrup sahibkar Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının təşəkkürnaməsi ilə təltif olunub.
























