Mütəmadi dilənçilik avaralıq sayılırmı? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Mütəmadi olaraq dilənçilik yolu ilə dolanan şəxs avaralıqla məşğul olan şəxs hesab edilirmi?
Cavab: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 523-cü maddəsinə görə avaralıqla məşğul olmaq (523.1), habelə yetkinlik yaşına çatmayanın yetkinlik yaşına çatmış şəxs tərəfindən avaralığa cəlb edilməsi (523.2) inzibati xətadır. Bu maddənin qeyd hissəsində göstərilir ki, “avaralıqla məşğul olan” dedikdə müəyyən yaşayış yeri və yaşamağa vəsaiti olmayan, hər hansı ictimai faydalı işlə və ya peşə fəaliyyəti ilə məşğul olmayan (“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada işaxtaran və ya işsiz kimi qeydiyyata alınmış şəxslər istisna olmaqla), mütəmadi olaraq xırda oğurluq yolu ilə dolanan şəxslər başa düşülür. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının 21 aprel 2026-cı il tarixli, 388-VIIQD nömrəli Qanunu ilə bu maddənin “Qeyd” hissəsindən “və ya dilənçilik” sözləri çıxarılmışdır.
Sualı cavablandırdı: Şərur rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor - Nazlı İsmayılzadə








