Naxçıvanda Yoluxucu Xəstəliklər Mərkəzi müasir tibbi avadanlıqlarla təmin olunub -

Naxçıvanda Yoluxucu Xəstəliklər Mərkəzi müasir tibbi avadanlıqlarla təmin olunub - FOTO

19 May 2026

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə “Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzi” PHŞ yeni müasir tibbi avadanlıqlarla təmin olunub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, mərkəzə təqdim edilən süni intellekt dəstəkli ultrasəs sistemi (EXO) müasir texnologiyalara əsaslanaraq diaqnostik imkanların genişləndirilməsinə, müayinə keyfiyyətinin artırılmasına və xəstələrə göstərilən tibbi xidmətlərin daha da təkmilləşdirilməsinə xidmət edəcəkdir.

Bununla yanaşı, mərkəz SWS 4000 A hemodializ cihazı ilə də təmin olunmuşdur. Yeni cihaz vasitəsilə reanimasiya və toksikologiya şöbəsində müalicə alan xəstələrə operativ şəkildə tibbi xidmət göstərilməsi, onların digər tibb müəssisələrinə göndərilməsinə ehtiyac yaranmadan yerində müalicəsinin təşkili mümkün olacaqdır.

Bu cür müasir tibbi avadanlıqların tibb müəssisələrinə təqdim olunması əhalinin sağlamlığının qorunması, keyfiyyətli və əlçatan tibbi xidmətlərin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin davamıdır.