Naxçıvanda Ağız və Diş Sağlamlığı Mərkəzi yaradılır -

Naxçıvanda Ağız və Diş Sağlamlığı Mərkəzi yaradılır - FOTO

30 İyun 2025

Naxçıvan Muxtar Respublikasında səhiyyə sahəsində əsaslı islahatlar davam etdirilir. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində əhalinin stomatoloji xidmətlərə daha əlçatan və keyfiyyətli şəkildə çıxışını təmin etmək məqsədilə yeni “Ağız və Diş Sağlamlığı Mərkəzi”nin yaradılması istiqamətində işlər görülür.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müvafiq sərəncamı əsasında yaradılan mərkəzdə hazırda yenidənqurma və təchizat işləri davam etdirilir. Layihə, həm infrastruktur baxımından, həm də müasir tibbi avadanlıqlarla təchizat baxımından regionun səhiyyə sistemində mühüm yenilik hesab olunur.

Yeni mərkəzin yaradılmasında əsas məqsəd stomatoloji xidmətlərin keyfiyyətini yüksəltmək, bu sahədə müasir tibbi standartlara cavab verən infrastruktur qurmaq və xidmətlərin əhali üçün əlçatanlığını təmin etməkdir. Qeyd edək ki, bu sahədə xidmətlər əvvəllər Naxçıvan Muxtar Respublikası Stomatoloji Mərkəzi və özəl stomatoloji kabinetlər vasitəsilə göstərilirdi, lakin xidmət səviyyəsi mövcud tələblərə tam cavab vermirdi.

Mərkəzdə stomatoloji, pediatriya, cərrahiyyə, ortodontiya, ortopediya və radiologiya olmaqla altı ixtisaslaşmış şöbənin fəaliyyət göstərəcəyi nəzərdə tutulur. Radiologiya şöbəsi Naxçıvanda ilk dəfə olaraq sefolometrik rentgen cihazı ilə təchiz olunacaq ki, bu da diaqnostik imkanları əhəmiyyətli dərəcədə artıracaq.

Cərrahiyyə şöbəsində aparılacaq müdaxilələrin effektivliyini artırmaq üçün elektron lazer cihazı və piezo cərrahiyyə aparatı quraşdırılacaq. Əlilliyi olan şəxslər üçün isə xüsusi stomatoloji kabinet və uyğunlaşdırılmış tibbi kreslo istifadəyə veriləcək.

Ümumilikdə 34 funksional otağın yer alacağı mərkəzdə həkim, cərrahiyyə, rentgen, sterilizasiya və texniki otaqlar fəaliyyət göstərəcək.

Yeni “Ağız və Diş Sağlamlığı Mərkəzi”nin bu ilin sonuna qədər istifadəyə verilməsi planlaşdırılır.