Naxçıvanda ictimai iaşə obyektində ciddi nöqsanlar aşkarlanıb

Naxçıvanda ictimai iaşə obyektində ciddi nöqsanlar aşkarlanıb - FOTO

21 Aprel 2026

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ictimai iaşə obyektlərindən birində ciddi sanitar-gigiyenik pozuntular müəyyən edilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Babək rayonunun Cəhri qəsəbəsində yerləşən, sahibkar İsmayılov Zahid Kamil oğluna məxsus müəssisədə aparılan planlı yoxlama zamanı bir sıra nöqsanlar aşkarlanıb.

Yoxlama zamanı müəssisədə sanitar-gigiyenik normalara əməl olunmadığı, mətbəxdə havalandırma sisteminin quraşdırılmadığı, mal qonşuluğu prinsipinin pozulduğu müəyyən edilib. Eyni zamanda alət və avadanlıqların yararsız vəziyyətdə olduğu, kustar üsulla hazırlanmış və etiketlənməmiş kompot və turşulardan istifadə edildiyi, temperatur rejiminin qorunmadığı da aşkar olunub. Bundan əlavə, kanalizasiya sisteminin çirklənmə riskini aradan qaldıracaq səviyyədə qurulmadığı qeyd edilib.

Aşkarlanmış nöqsanlarla bağlı müəssisənin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Sahibkara nöqsanların aradan qaldırılması üçün icrası məcburi göstərişlər verilib və onun barəsində inzibati protokol tərtib olunub.

Agentlikdən bildirilib ki, bu kimi halların qarşısının alınması məqsədilə qida obyektlərində mütəmadi nəzarət və maarifləndirmə tədbirləri davam etdirilir. İstehlakçı hüquqlarının qorunması istiqamətində zəruri addımlar bundan sonra da atılacaq.