Naxçıvanda ödənişsiz kardioloji müayinələr həyata keçirilib -

Naxçıvanda ödənişsiz kardioloji müayinələr həyata keçirilib - FOTO

07 İyul 2025

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin və Nobel İlaç Şirkətinin birgə təşəbbüsü ilə Bakıdan dəvət olunmuş təcrübəli həkim-kardioloqlar – professor, tibb elmləri doktoru İsax Mustafayev və uzman həkim, invaziv kardioloq Samir Allahverdiyev tərəfindən Naxçıvan Sağlamlıq Mərkəzində ödənişsiz müayinələr həyata keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, müraciət edən vətəndaşların ürək-damar sistemi ilə bağlı şikayətləri dinlənilib, ilkin müayinə və qiymətləndirmə həyata keçirilib. Həkimlər tərəfindən təzyiqin ölçülməsi, elektrokardioqramma, ümumi vəziyyətin dəyərləndirilməsi və fərdi məsləhətlər verilməsi ilə yanaşı, gələcək müalicə istiqamətləri də müəyyənləşdirilib.

Müayinələrin məqsədi vətəndaşların sağlamlığına vaxtında nəzarət etmək, mümkün risklərin qarşısını almaq və ürək-damar xəstəliklərinin erkən mərhələdə aşkar olunmasına şərait yaratmaqdır.

Qeyd edək ki, müayinələr 2 gün ərzində icra edilib.