
Naxçıvanda Zəfərimizin 5-ci ildönümünə həsr olunmuş tibbi aksiya keçirilib - FOTO
Bu gün — 18 oktyabr Müstəqilliyin Bərpası Günü və Zəfərimizin 5-ci ildönümü münasibətilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı, Naxçıvan Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Naxçıvan Sağlamlıq Mərkəzində şəhid ailələri üçün tibbi aksiya təşkil olunub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, aksiyanın məqsədi şəhid ailələrinin sağlamlığının qorunması, tibbi xidmətlərin keyfiyyətinin artırılması və sosial qayğının davamlı təmin edilməsidir.
Tədbir çərçivəsində şəhid ailələrinin üzvləri terapevt, kardioloq, oftalmoloq, nevropatoloq, endokrinoloq və digər ixtisaslı həkimlər tərəfindən müayinə olunub, laborator və diaqnostik xidmətlərdən keçiblər. Aksiya iştirakçılarına fərdi sağlamlıqla bağlı məsləhətlər verilib, profilaktik tədbirlər barədə məlumatlar təqdim olunub.
Şəhid ailələri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Onlar qeyd ediblər ki, bu cür aksiyalar dövlətin şəhid ailələrinə göstərdiyi daimi qayğının və yüksək ehtiramın bariz nümunəsidir.
Zəfərimizin 5-ci ildönümünə həsr olunan tibbi aksiya bir daha göstərdi ki, şəhid ailələrinin rifahı, sağlamlığı və sosial təminatı hər zaman dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.