Naxçıvandakı neft bazasında mülki müdafiə məşqi keçirilib - FOTO
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərində yerləşən SOCAR Petroleum QSC-nin 23 saylı Naxçıvan Neft Baza Sahəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda nümunəvi mülki müdafiə məşqi keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, məşqin əsas məqsədi yüksək yanma qrupuna aid strateji əhəmiyyətli obyektdə yanğın və digər fövqəladə hadisələr zamanı xilasetmə qüvvələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, şəxsi heyətin peşəkar bacarıqlarının artırılması və obyekt əməkdaşlarının ilkin davranış qaydaları barədə biliklərinin gücləndirilməsi olub.
Məşq zamanı neft baza sahəsində mülki müdafiə işinin təşkili və qüvvələrin hazırlıq vəziyyəti yoxlanılıb, idarəetmə və qarşılıqlı fəaliyyət təşkil edilib. Ssenariyə uyğun olaraq yanacaq çənlərində, yanacaqdaşıyan avtomobillərdə, inzibati binada və digər tikililərdə baş vermiş şərti yanğınlar söndürülüb və nəticələri aradan qaldırılıb.
Həmçinin uçqun və dağıntılar zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz işlər aparılıb, şərti xəsarət alan əməkdaşlara ilkin tibbi yardım göstərilərək onların təhlükəli ərazidən təxliyəsi həyata keçirilib.
Məşqə FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti, Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsi, Təcili Tibbi Yardım Xidməti və 23 saylı Naxçıvan Neft Baza Sahəsinin hərbiləşdirilməmiş mülki müdafiə qüvvələri cəlb olunub.
Məşqin yekununda əldə olunan nəticələr müzakirə edilib və aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.













