Naxçıvanı intellekt yarışında təmsil edəcək komandalarla görüş keçirilib - FOTO
Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş gənc əməkdaşlar arasında qurumlararası II “GİNius” intellektual yarışının ölkə üzrə final mərhələsi keçiriləcək. Mayın 8-də Bakı şəhərində təşkil olunacaq əsas mərhələ yarışında Naxçıvanı 3 komanda təmsil edəcək.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, mayın 5-də Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov muxtar respublika üzrə mərhələ yarışlarının qalibi olmaqla finalda iştirak hüququ qazanmış komandaların üzvlərini qəbul edib. Görüş zamanı nazir müavini gəncləri təbrik edib, onların əldə etdikləri uğurun bilik, zəhmət və komanda ruhunun nəticəsi olduğunu vurğulayıb. Qeyd olunub ki, bu cür intellektual yarışlar gənc əməkdaşların dünyagörüşünün genişlənməsi, analitik düşüncə qabiliyyətinin inkişafı və qurumlar arasında əməkdaşlığın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Məcid Seyidov Naxçıvanı təmsil edən komandaların final mərhələsində uğur qazanacaqlarına inamını ifadə edib, onlara məsuliyyətli yarışda yüksək nəticələr arzulayıb.
Görüşdən sonra komandalarla xatirə fotoları çəkdirilib.
Xatırladaq ki, aprel ayında keçirilən muxtar respublika üzrə mərhələ yarışında Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi birinci, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi ikinci, Naxçıvan Baş Gömrük İdarəsi isə üçüncü yerə layiq görülmüşdü.









