Türkiyə-Azərbaycan Universitetində 174 tələbə təhsil alır

Türkiyə-Azərbaycan Universitetində 174 tələbə təhsil alır

06 May 2026

Türkiyə-Azərbaycan Universitetində (TAU) hazırda ümumilikdə 174 tələbə təhsil alır.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu TAU-nun Tədris şöbəsinin Günel Teymurova deyib.

Onun sözlərinə görə, cari tədris ili üzrə ali təhsil müəssisəsinə qəbul olunan tələbələrin sayı 92 nəfər, ötən il isə 82 nəfər olub:

"Kompüter mühəndisliyi ixtisasına qəbul üzrə ən yüksək bal 674,3, sənaye mühəndisliyi ixtisasında 654,4, qida mühəndisliyi ixtisasında isə 553,6 olub. Ali təhsil müəssisəsi "çətir universitet" modeli ilə fəaliyyət göstərir. Azərbaycan tərəfi torpaq, bina, laboratoriya və avadanlıq kimi maliyyə və texniki imkanları təmin edir, Türkiyə tərəfi isə tədrisin keyfiyyəti, proqramların təşkili və 8 semestrlik tədris planının icrası ilə məşğuldur. Belə ki, TAU Türkiyənin üç aparıcı universitetinin proqramlarını özündə birləşdirir: kompüter mühəndisliyi ixtisasında Orta Doğu Texniki Universiteti (ODTÜ), sənaye mühəndisliyi ixtisasında İstanbul Texniki Universiteti (İTÜ), qida mühəndisliyi ixtisasında isə Hacettepe Universitetinin tədris proqramları tətbiq olunur. Universitetin Azərbaycan tərəfdən tərəfdaşı isə Azərbaycan Texniki Universitetidir (AzTU)".

G.Teymurova həmçinin bildirib ki, TAU-da təhsil dövlət hesabınadır və dərslər ingiliscə keçirilir:

"Tələbələrin akademik ingilis dili bacarıqları ODTÜ-nün aparıcı mütəxəssisləri tərəfindən inkişaf etdirilir. Proqramı uğurla başa vuran tələbələr həm Türkiyə, həm də Azərbaycan tərəfindən beynəlxalq səviyyədə tanınan diplomlar alırlar ki, bu da məzunlara həm yerli, həm də qlobal iş imkanlarına birbaşa çıxış imkanı yaradır".