Naxçıvanla Türkiyə arasında yeni enerji kabeli çəkiləcək

Naxçıvanla Türkiyə arasında yeni enerji kabeli çəkiləcək

15 Sentyabr 2026

Naxçıvanı Türkiyə ilə birləşdirəcək yeni enerji kabelinin çəkilməsi layihəsi üzərində iş aparılır.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla birgə keçirdiyi mətbuat konfransında bildirib.

Nazir Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan üzərindən çəkilməsi planlaşdırılan yeni enerji kabeli layihəsi üzrə də işlərin davam etdiyini deyib.

“Bu layihələri Azərbaycan və Türkiyənin iştirakı ilə yaşıl enerji sahəsində yeni istiqamətlər kimi qiymətləndiririk. Onlar yalnız iki ölkənin bazarları üçün deyil, bərpaolunan enerjinin Türkiyə üzərindən Avropa bazarına çatdırılması baxımından da böyük potensiala malikdir”, – Ceyhun Bayramov vurğulayıb.

Xarici işlər naziri nəqliyyat və logistika sahəsində həyata keçirilən layihələrdən də danışıb. O bildirib ki, Bakı–Tbilisi–Qars dəmir yolunun genişləndirilməsi işləri bu yaxınlarda tamamlanıb.

Ceyhun Bayramov Ələt limanında aparılan genişləndirmə işlərinin, Transxəzər keçidinin və bütövlükdə Orta Dəhlizin əhəmiyyətini də qeyd edib. Onun sözlərinə görə, bu layihələr yalnız Azərbaycanla Türkiyə arasında deyil, Avropa ilə Asiyanı birləşdirən genişmiqyaslı nəqliyyat xətti kimi mühüm rol oynayır.

Nazir 2025-ci ilin dekabrında keçirilmiş Azərbaycan–Türkiyə Hökumətlərarası Komissiyasının son iclasında qəbul olunan qərarların müxtəlif sahələrdə yeni layihələrin irəli aparılmasına töhfə verdiyini bildirib.

Görüşdə təhsil, elm, mədəniyyət, gənclər siyasəti, idman və digər humanitar sahələrdə əməkdaşlıq məsələləri də müzakirə olunub.