NDU tələbəsinin beynəlxalq uğuru: gənc kimyaçıdan qızıl medal
Elm və təhsil sahəsində əldə olunan uğurlar bir universitetin yalnız akademik potensialını deyil, həm də gələcəyə verdiyi inamı nümayiş etdirir. Son illər Naxçıvan Dövlət Universitetində elmi fəaliyyətin stimullaşdırılması, tələbələrin beynəlxalq layihələrə cəlbi və tədqiqatyönümlü təhsilin inkişafı prioritet istiqamətlərdən birinə çevrilib. Universitet rəhbərliyinin yaratdığı imkanlar, müasir laboratoriyalar və elmi rəhbərlərin peşəkar yanaşması tələbələrin potensialını üzə çıxarmağa şərait yaradır. Bu baxımdan Naxçıvan Dövlət Universiteti Təbiətşünaslıq və Kənd təsərrüfatı fakültəsinin “Kimya” ixtisası üzrə I kurs tələbəsi Sənan Zeyniyevin qazandığı uğur xüsusi diqqətə layiqdir. Gənc tələbə “Erudit” Beynəlxalq Onlayn Kimya Müsabiqəsində I yerə layiq görülərək qızıl medal qazanıb və NDU-nu beynəlxalq arenada layiqincə təmsil edib.
Bu nailiyyət yalnız bir tələbənin fərdi uğuru deyil, həm də NDU-da formalaşmış güclü elmi-tədris mühitinin real nəticəsidir.
Müsahibəmiz zamanı Sənan Zeyniyev müsabiqə haqqında məlumatı həm universitetin elmi elanlarından, həm də elmi rəhbəri Fizzə Məmmədovadan əldə etdiyini deyib. Dediyinə görə, beynəlxalq səviyyədə özünü sınamaq istəyi onu bu yarışa qatılmağa təşviq edib. Gənc tələbə üçün bu müsabiqə sadəcə bilik yarışması deyil, eyni zamanda elmi potensialını nümayiş etdirmək fürsəti olub.
Sənan Zeyniyev deyir ki, hazırlıq prosesi heç də asan keçməyib. Müxtəlif elmi mənbələrin araşdırılması, beynəlxalq standartlara uyğun biliklərin mənimsənilməsi və davamlı məşq gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. O, gecə-gündüz demədən çalışaraq hər bir detalı dərindən öyrənib və yekunda yüksək nəticə əldə edib. Bu prosesdə tələbə elmi rəhbəri Fizzə Məmmədovanın rolunu xüsusi vurğulayır. Müəllimin düzgün istiqamətləndirməsi, metodoloji tövsiyələri və mənəvi dəstəyi tələbənin uğurunda mühüm paya sahib olub.
Sənan Zeyniyevin müsabiqədə seçdiyi “Kimyəvi elementlərin yaranma tarixi” mövzusu da diqqətçəkəndir. Bu mövzu yalnız faktiki bilikləri deyil, həm də kimya elminin fəlsəfi mahiyyətini dərk etməyi tələb edir.
Müsabiqə zamanı qarşılaşdığı çətinliklərdən bəhs edən Sənan xüsusilə vaxtın düzgün idarə olunmasından, o cümlədən beynəlxalq səviyyəli suallara anında cavab vermək üçün hazırlıqlı olmağın və sistemli çalışmağın vacibliyindən danışıb.
Beynəlxalq müsabiqədə qızıl medal və həftənin qalibi adına layiq görülmək isə gənc tələbə üçün böyük sevinc və qürur mənbəyi olub.
Bu qələbə Sənan Zeyniyevin gələcək planlarına da yeni istiqamətlər açıb. O, artıq elmi tədqiqatlara daha böyük həvəslə yanaşır və beynəlxalq platformalarda daha genişmiqyaslı layihələrlə çıxış etməyi hədəfləyir. Bu uğur onun üçün yeni imkanların başlanğıcı kimi dəyərləndirilir.
Gənc kimyaçı beynəlxalq müsabiqələrdə iştirak etmək istəyən tələbələrə də öz tövsiyələrini verir. Beləki, özünə inanmaq, davamlı araşdırmaq və əzmkarlıq göstərmək uğurun əsas açarlarıdır. Onun fikrincə, elm yolunda irəliləmək üçün yalnız bilik kifayət etmir, eyni zamanda düzgün istiqamət və böyük iradə də vacibdir.
Sənan Zeyniyevin qazandığı bu uğur bir daha sübut edir ki, NDU gəncliyi elmi potensialı ilə beynəlxalq arenada söz deməyə qadirdir. Bu cür nailiyyətlər isə ölkənin elmi gələcəyinə olan inamı daha da möhkəmləndirir.
Bu gün Naxçıvan Dövlət Universiteti yalnız region səviyyəsində deyil, beynəlxalq elmi mühitdə də öz sözünü deməyə qadir olan ali təhsil müəssisəsi kimi çıxış edir. Tələbəmizin bu uğuru onu göstərir ki, düzgün qurulmuş təhsil sistemi, güclü elmi baza və peşəkar müəllim heyəti tələbələri beynəlxalq zirvələrə daşıyan əsas amillərdir. NDU-nun yetirmələrinin qazandığı uğurlar isə Azərbaycanın elmi gələcəyinin etibarlı əllərdə olduğunu göstərir.
Badəm ƏLİYEVA
NDU, Media və ictimiyyətlə əlaqələr şöbəsi











