Naxçıvanda “pencər” mövsümü: təbiətin şəfa dolu nemətləri süfrələrə yol tapır

Naxçıvanda “pencər” mövsümü: təbiətin şəfa dolu nemətləri süfrələrə yol tapır

22 Aprel 2026

Muxtar respublikamız əsrarəngiz təbiəti ilə seçildiyi kimi, bu diyarın yetirib-bitirdiyi nemətlər də dadı-tamı və keyfiyyəti ilə dillər əzbəridir. Günəşli iqlimi və dəniz səviyyəsindən yüksəkdə yerləşən kəndləri ilə seçilən Naxçıvanda dağların, düzlərin və çəmənlərin qoynunda bitən yabanı bitkilər həm göz oxşayır, həm də insan sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır.

Çaşır, baldırğan, uşqun, çiriş, cacıq, qazayağı, əvəlik, ələyəz, bulaqotu, yarpız, nanə, kəklikotu kimi adlarını saymaqla bitməyən bu bitkilər bölgədə ümumi olaraq “pencər” adı ilə tanınır. Təbiət bu nemətlərin yetişmə dövrünü elə ardıcıllıqla tənzimləyib ki, erkən yazdan başlayaraq payızın sonlarınadək insanlar onlardan yararlanır, hətta qış üçün də ehtiyat görürlər.

Naxçıvanın zəngin milli mətbəxi də məhz bu təbii sərvətlər hesabına formalaşıb. Dağlarda və dərələrdə bitən bu bitkilərdən hazırlanan yeməklər özünəməxsus dadı ilə seçilir və bölgənin kulinariya ənənələrini daha da məşhurlaşdırır. Mütəxəssislər bildirirlər ki, bu bitkilər vitamin və minerallarla zəngin olmaqla yanaşı, bir çox xəstəliklərin qarşısının alınmasında mühüm rol oynayır. Onların sözlərinə görə, təbii və kimyəvi müdaxilədən uzaq şəkildə yetişən pencər bitkiləri insan orqanizmi üçün xüsusi faydaya malikdir.

Satıcılar isə qeyd edirlər ki, yaz aylarının gəlməsi ilə bazarlarda pencərə olan tələbat xeyli artır. “Hər gün təzə-təzə yığılır, insanlar xüsusilə kəklikotu, yarpız və əvəlik daha çox alır. Həm yemək üçün, həm də qurudub qışa saxlamaq üçün götürürlər”, – deyə onlar bildirirlər.

Qeyd edək ki, Naxçıvanda insanların uzunömürlülüyünün əsas səbəblərindən biri də məhz bu cür təbii qidalanma, saf hava və sağlam həyat tərzi ilə əlaqələndirilir. Təbiətin bəxş etdiyi bu nemətlər həm süfrələri bəzəyir, həm də sağlamlığın qorunmasına xidmət edir.

Müsahibəni hazırladı: 

Xosrov İbrahimov