Şəhid övladları Milli Məclisdə olublar
Noyabrın 2-də Milli Məclisin Gənclər və idman komitəsi şəhid övladı olan tələbələrlə görüş keçirib.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə bildirilib ki, komitə sədri Şahin İsmayılov ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin ailələrinə, eləcə də müharibə iştirakçılarına Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərildiyini vurğulayıb. Bildirilib ki, bu siyasətə uyğun olaraq Milli Məclis də şəhid ailələrinin və qazilərin qayğıları ilə yaxından maraqlanır, onların problemlərinin həllinə dəstək göstərilməsinə xüsusi önəm verir. Şanlı Zəfərin Azərbaycanın dövlətçilik tarixində və milli yaddaşında müstəsna yerindən söz açan Şahin İsmayılov bu tarixi Qələbənin qazanılmasında şəhidlərin misilsiz qəhrəmanlığını və fədakarlığını xüsusi qeyd edib.
Görüşdə komitə sədrinin müavini Könül Nurullayeva, komitə üzvləri Vüqar İskəndərov, Asif Əsgərov, Eyvaz Qurbanov, Anar Məmmədov və Ülvi Quliyev çıxış ediblər. Çıxışlarda torpaqlarımızın işğaldan azad edilməsi, dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda canından keçmiş şəhidlərimizin, eləcə də döyüşlərdə yaralanmış əsgər və zabitlərimizin qəhrəmanlığının və fədakarlığının heç zaman unudulmayacağı vurğulanıb. Bildirilib ki, onların Vətənə sədaqəti, cəsarəti və mübarizə əzmi gənc nəsil üçün əsl örnəkdir.
Tədbirdə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova və şəhid övladı olan tələbələr Aybəniz Əzizova, Zəhra Ağazadə, Zəhra Xəlilzadə, Nuray Mahirzadə, Gülay Qasımova, Ramaldan Ramaldanov, Fuad Tağızadə, Nihad Sadıqov və Sevinc Əhmədova çıxış ediblər. Tələbələr şəhid ailələrinə, övladlarına göstərilən yüksək diqqət və qayğıya, onların təhsil və inkişaf imkanlarının dəstəklənməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Onlar şəhid olmuş ataları ilə bağlı xatirələrini bölüşüblər.
Söhbətdə deputatlar şəhid övladlarının təhsili, tələbəlik qayğıları ilə maraqlanıblar, onlara gələcək planları ilə bağlı tövsiyələrini bildiriblər. Həmçinin onlara təhsildə qazandıqları nailiyyətlərə görə sertifikatlar təqdim ediblər.
Tələbələr daha sonra parlamentin inzibati binası ilə tanış olublar. Heydər Əliyev Abidəsi və Xatirə zalını ziyarət zamanı qonaqlara Ümummilli Liderin gələcək nəsillər üçün örnək olan həyat yolu, siyasi və dövlətçilik fəaliyyəti haqqında məlumat verilib. Milli Məclisin foyesində yaradılmış Zəfər guşəsi ilə tanış olan tələbələrə bildirilib ki, guşədə Vətən müharibəsində canlarından keçərək şəhidlik zirvəsinə ucalan əsgər və zabitlərimizin adları həkk olunub. Parlamentin plenar iclas zalında tələbələrə Milli Məclisin fəaliyyəti barədə məlumat verilib.








