Sözlə nəfəs alan ömür: duyğuların, düşüncənin və qələmin harmoniyası

Sözlə nəfəs alan ömür: duyğuların, düşüncənin və qələmin harmoniyası

23 Aprel 2026

Ədəbiyyat insanın həyatına yön verən, onun daxili aləmini zənginləşdirən, dünyagörüşünü artıran, ən əsası isə yaşadığı ömrə mənəvi dəyər qatan böyük bir xəzinədir. Elə bir xəzinə ki, zaman keçdikcə daha da zənginləşir, çəkisini, dəyərini daha da artırır. Ədəbiyyat yalnız yazıçının daxili dünyasının ifadəsi deyil, həm də dövrün, zamanın, cəmiyyətin aynasıdır. 

Elxan Yurdoğlu da təpədən-dırnağa ədəbiyyat adamıdır. 2025-ci ildə onun ümumilikdə 1500 səhifəlik 3 fərqli kitabı nəşr olunub. Mən isə bu kitablardan ikisi haqqında danışmaq istəyirəm. Yazı prosesinin bütün sahələrində fəaliyyət gösətərn, istər elmi, istər, bədii, istərsə də publisistik yaradıcılıqla məşğul olan Elxan Yurdoğlu elmi-ədəbi camiədə də, geniş oxucu kütləsi qarşısında da həmişə öz imzasıyla sevilən, seçilən birinə çevrilmişdir. 2025-ci ilin birinci rübündə onun “Yaşadıqca yazmaq, yazdıqca yaşamaq” (510 səhifə) və “Mən sözə söykənmişəm” (590 səhifə) adlı iki kitabı eyni vaxtda nəşr olundu. Bu nəşrlər müəllifin həyat fəlsəfəsini, düşüncə tərzini, sözə və yaradıcılığa olan münasibətini əks etdirən zəngin mənəvi xəzinədir. 

Bir haşiyə çıxıb qeyd edib ki, Elxan Yurdoğlu 2000-ci ildən etibarən ədəbi-mədəni mühitdə görünməyə, mətbuat aləmində aktiv və fəal şəkildə çıxış etməyə başladı. Heç də təsadüfi deyil ki, onun ilk əmək fəaliyyəti də qəzetçiliklə bağlıdır. 2003-cü ildən hərbi xidmətini başa vurub geri qayıtdıqdan sonra “Şərq qapısı” qəzetində ədəbi, mədəni mövzularda yazılarıyla diqqət mərkəzinə düşdü. 2015-ci ildə isə Elxan Yurdoğlu bu tipli yazılarını bir yerə toplayaraq “Ömrüm ədəbi kitab” adlı kitabını oxucuların ixtiyarına verdi. Həmin kitab iki hissəyə bölünürdü. Belə ki, birinci hissədə Elxan Yurdoğlunun ayrı-ayrı mətbuat orqanlarında, toplularda, kitablarda nəşr olunmuş ədəbi-bədii yazıları, ədəbiyyat adamları haqqındakı portret yazıları, müxtəlif təəssüratları, aldığı müsahibələr, müxtəlif kitablar haqqındakı resenziyaları, kitabın ikinci hissəsində isə Elxan Yurdoğlu haqqında yazılmış yazılar, kitablarına yazılmış ön sözlər, ondan alınan müsahibələr, Elxan Yurdoğlunun portret çizgilərinə həsr olunanan qəze materialları öz əksini tapmışdı. 

Yeni nəşr olunan “Yaşadıqca yazmaq, yazdıqca yaşamaq” və “Mən sözə söykənmişəm” kitabları da sanki “Ömrüm ədəbi kitab”ın növbəti cildləridir. Belə ki, bu kitablar da yuxarıda qeyd etdiyimiz system əsasında tərtib edilib. “Yaşadıqca yazmaq, yazdıqca yaşamaq” ktabında 2015-2019-cu illər, “Mən sözə söykənmişəm” kitabında isə 2020-2024-cü illər xronologiya əsasında tərtib edilib. 

Hər iki kitabı oxuduqca müəllifin yazı üslubunun necə səmimi, oxunaqlı və dərin düşüncəli olduğunu görmək mümkündür. Elxan Yurdoğlu sanki oxucunu öz daxili dünyasına dəvət edərək onları bir qədər düşünməyə vadar edir. Kitabların əvvəlində müəllifin təəssüratları yer alıb. Bu təəssüratların bir hissəsi şairin şəxsi həyat təcrübəsindən qaynaqlansa da, əsasən ümumbəşəri məna daşıyır. Buna görə də, bu fikirlərdə oxucuların böyük əksəriyyəti öz həyatından müəyyən fraqmentləri görə biləcəklər. Müəllif burada “Özüylə söhbət”, “Hər kitab bir möcüzədir”, “Hər söz bir nəfəs kimi” və s. düşüncələri ilə oxucuların qəlbinə toxuna bilir.

Nəşrlərin maraqlı cəhətlərindən biri müəllifin müxtəlif kitablara yazdığı ön sözlərin və resenziyaların yer almasıdır. Bu yazılarda Elxan Yurdoğlu həm oxuduğu əsərlərə münasibət bildirir, həm də həmin əsərlərin müəllifləri barədə dərin düşüncələrini öz oxucusu ilə bölüşür. Həmin resenziyaları oxuduqca müəllifin obyektiv, analitik yanaşma nümayiş etdirdiyini görürük. E.Yurdoğlu resenziya yazanda yalnız əsərin mövzusunu deyil, həm də ideya dərinliyini, bədii ifadə vasitələrini təhlil edir. Bu, Elxan Yurdoğlunun həm yaradıcı, həm də tənqidçi baxış bucağına malik olduğunu bir daha yadımıza salır.

Hər iki kitabda həm Elxan Yurdoğlunun başqa müəlliflərin kitablarına yazdığı ön sözlər, həm də müəllifin öz kitablarına yazılan ön sözlər yer alıb. Bu da müəllifin həm öz yaradıcılığına, həm də digər qələm sahiblərinə olan münasibətini geniş əks etdirir. Hər bir ön söz sadəcə kitabı, monoqrafiyanı, bir sözlə əsəri təqdim etmir, eyni zamanda müəllifin sözə yanaşmasını, ədəbiyyata müxtəlif yöndən baxışını göstərir. Burada oxucu anlayır ki, şair üçün yazmaq, oxumaq, başqasının yaradıcılığına qiymət vermək, ədəbiyyatın bütövlüyünü qorumaq deməkdir.

 Şairin müxtəlif dövrlərdə verdiyi müsahibələr də bu kitablarda yer alıb. Bu müsahibələr müəllifin, bir şairin həyat yolunu, yaradıcılıq axtarışlarını, ədəbiyyata münasibətini daha canlı formada oxucuya təqdim edir. Müəllif bəzən ədəbi mühitin problemlərindən, bəzən isə şəxsi yaradıcılıq planlarından, yazılarının oxucu tərəfindən qəbul edilmə prosesindən söz açır. Bu hissələr isə yazılara publisistik ruh qatır. Beləliklə də kitablarda yer alan mətnləri oxuyan hər bir oxucu şairi yalnız bir ədib kimi deyil, həm də ictimai fikirdə iştirak edən, dövrün mədəni hadisələrinə münasibət bildirən əsl ziyalı kimi tanıyır.

 “Adamlar” başlığı altında verilən yazılara nəzər salanda müəllifin şair və yazıçılar, görkəmli şəxsiyyətlər, peşə sahibləri haqqında yazılarını görürük. O, burda haqqında danışdığı şəxslərin əməyini və zəhmətini qiymətləndirərək, insanın çoxşaxəli mahiyyətini poetik və bədii dillə açmağa çalışır. Beləliklə də oxucu burada həm sənətin, həm də insanlığın müxtəlif simaları ilə qarşılaşır. “Milli mədəniyyət tariximizdə Eynəli bəy Sultanov imzası”, “Azərbaycan poeziyasının söz və fikir zadəganı: Hüseyn Cavid”, “Xalq yaradıcılığına sevginin Ərtoğrul Cavid nümunəsi”, “Dədə Ələsgər və haqq aşığı obrazı”, “Biz hələ kimi itirdiyimizin fərqində deyilik”, “Həmişə darıxan adamla iki gün” və bu kimi yazılarda haqqında bəhs etdiyi görkəmli şəxsiyyətləri Elxan Yurdoğlunun təqdimatında daha dərindən, daha fərqli rakurslardan öyrənə bilirik. Elxan Yurdoğlu bu görkəmli şəxsiyyətlərin timsalında həm sənətin, həm peşənin, həm də elmin daşıyıcılarını böyük oxucu kütləsinə təqdim edir. Beləliklə də, müəllif həm tarixi, həm mədəni yaddaşımızı itiləyir. Düşünürəm ki, bu dəyərli və qiymətli bölməni ziyalılığının poetik salnaməsi kimi də adlandırmaq olar.     

Kitabların ən təsirli və maraqlı məqamlarından biri müəllifin təəssürat yazılarıdır. Bu mətnlərdə müəllif iştirak etdiyi ədəbi tədbirlər, görüşlər, oxuduğu kitablar, tanıdığı insanlar barədə səmimi fikirlərini bölüşür. Müəllifin təəssüratlarını oxuduqca görürük ki, müəllif yalnız şair yox, həm də diqqətli müşahidəçidir. Elxan Yurdoğlu hadisələrin hər kiçik detalı üzərində dayanır, gördüklərini, maraqlı məqamları oxucuya bədii təsvirlərlə çatdırır.

Bu yazıları oxuduqca belə qənaətə gəlirik ki, kitabın dili sadə, axıcıdır, bədii çalarlarla zəngindir. Müəllifin hər bir ifadəsində poeziyanın ruhu duyulur. Hər bir ön söz, resenziya, məktub və ya müsahibə sanki poetik çalar daşıyır. Bu da əsəri emosional cəhətdən maraqlı edir. 

İstər “Yaşadıqca yazmaq, yazdıqca yaşamaq”, istərsə də “Mən sözə söykənmişəm” sadəcə bir müəllifin iki kitabı deyil, həm də yazıya sədaqətin, həyat eşqinin və sözə olan inamın təntənəsi timsalında çoxsaylı oxuculara bir müəllif hədiyyəsidir. Bu maraqlı əsərlər oxucuya göstərir ki, insan yazmaqla həm özünü tanıyır, həm də dünyaya iz qoyur. Bu mənada hər iki kitab müasir oxucunun, kitabsevərin, tədqiqatçının kitab rəfində xüsusi yer tutmağa layiqdir. 

Bu gün həm də Elxan Yurdoğlunun doğum günüdür. Sözə söykənərək yaşadıqca yazan, yazdıqca da yaşayan Elxan Yurdoğlunu bu münasibətlə təbrik edib, can sağlığı və uğurlar arzulayırıq. 

Çinarə RZAYEVA

filologiya üzrə fəlsəfə doktoru, dosent

AMEA Naxçıvan Bölməsinin əməkdaşı