Təlimçi həkimlər Bakıda ixtisasartırma kurslarına cəlb olunub -

Təlimçi həkimlər Bakıda ixtisasartırma kurslarına cəlb olunub - FOTO

30 İyun 2025

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində səhiyyə sistemində bilik və bacarıqların artırılması, eləcə də yerli təlimçi heyətinin formalaşdırılması istiqamətində mühüm addımlar atılır.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu məqsədlə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşəbbüsü ilə yaradılan Seminar, Treninqlər və Simulyasiya Mərkəzinin fəaliyyətinin təşkili üçün ilkin mərhələdə seçilmiş həkim-təlimçilər Bakı şəhərində ixtisasartırma təlimlərinə cəlb olunublar.

Hazırda 12 nəfərlik həkim heyəti Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda "Tibb elmlərinin tədrisi" mövzusunda təşkil olunan təlim kursunda iştirak edir.

Təlim proqramı çərçivəsində iştirakçılar simulyasiya əsaslı yanaşmalar, müasir tədris metodikaları və praktik bacarıqlar üzrə biliklərini artırır. Onların gələcəkdə Naxçıvanda səhiyyə işçilərinin sertifikasiya proseslərinin təşkili və peşəkar hazırlıq sisteminin qurulmasında fəal rol alması nəzərdə tutulur.

Bu təşəbbüs muxtar respublikada tibbi təhsilin keyfiyyətinin artırılması və davamlı inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.