150-ilin ilk adı:

150-ilin ilk adı: “ƏKİNÇİ”

22 İyul 2025

İyulun 22-də Azərbaycan Milli Mətbuatının 150 yaşı tamam olur. Bir neçə gündən sonra qeyd edəcəyimiz bu xüsusi təqvimin tarixi 1875-ci ildən başlayır və özündə iki tarixi faktı əbidələşdirən adın hekayəsini daşıyır.

1. Azərbaycan dilində işıq üzü görən ilk mətbu orqanı – “Əkinçi”

2. Milli mətbuatımızın əsasını qoyan, “Əkinçi”nin ilk redaktoru olaraq adı tarixə həkk olan Həsən bəy Zərdabi

“Əkinçi”nin 22 iyul 1875-ci il tarixli ilk sayında böyük maarifçi, demokrat Həsən bəy Zərdabi oxuculara müraciətlə yazırdı: "...Dünya bir şeydir ki, həmişə dövran edir və insan bu dövr dünyanın gərdişinə görə gərək habelə öz rəftarını da dəyişdirsin, necə ki, məsəldir, deyərlər, zəmanə dəyişilməyi əlbəttə hər anlayan kəsə məlumdur və bu dövr zəmanənin dəyişilməyi bizim ilə deyil, həmçinin biz qadir deyilik ki, zəmanəni dəyişilməkdən saxlayaq. Ol kəslər ki, həmişə bizə etibar edib bizim sözlərimizə əməl ediblər, zəmanə dəyişilməyinə görə gün-gündən tərəqqi edib irəli gedirlər."

Bu başlanğıcla Azərbaycan türkcəsində, ədəbi qaydalara uyğun, dövrün xalq danışıq dili ilə “Əkinçi” qəzeti ilk gündən sözün dəyərini yüksəltdi. Sadə, aydın və anlaşıqlı dili ilə sözü gözdən düşməyə qoymadı. Mahiyyət olaraq izah etdi ki, cəmiyyəti bir çox problemlərdən qurtarmaq istəyən hər kəs, öncəliklə sözü qurtarmalıdır.  Bu minvalla  Həsən bəy Zərdabinin rəhbərliyində "Əkinçi" qəzeti milli mətbuatımızın əsasını qoydu.

Təqvim 29 sentyabr 1877-ci il

 Əkinçi iki illik ömründə, ayda iki dəfə 300-400 tirajla nəşr olunub, xalqın maariflənməsində əvəzolunmaz rol oynadı.  Çətinliklərə baxmayaraq ümumilikdə 56 sayı işıq üzü görən qəzetin hər nəşrində imzalar tarix yazdı. Xalqımızın milli oyanışında, milli birliyin möhkəmlənməsində təkanverici qüvvəyə çevrildi.  Qəzet maarifçi məqalələri, xəbər bölmələrində özünə xas üslubları ilə sonrakı mətbuat orqanlarımız üçün də örnək oldu, davam və inkişaf etdirildi. Nəhayət bu gün “Əkinçi” sadəcə bir qəzetin adı deyil, IV hakimiyyət olaraq qəbul edilən peşənin tariximizdə başlanğıc rəmzidir və bu hekayədən çıxaracağımız bir neçə dərs var.

Şəffaqlıq və tərəfsizlik ən önəmli qaydadır. Məsuliyyət, dəqiqlik və vicdan  möhkəm xarakter nümunəsidir. Hadisələrə peşəkar yanaşıb, qərəzsiz sorğulamaq, fərqindəlik yaratmaq istedaddır. Gündəmi izləyib, düzgün təhlil edib, doğru ifadələrlə, tərəfsiz şəkildə cəmiyyətin aynası olmağı bacarmaq peşə etikasıdır. Kiçik məqamlara böyk dəyər qazandırmaq yaradıcılıqdır. Uzun illər bu peşədə olmaq zəhmət və dözümülülükdür. Ümumilikdə uzaqları yaxın edən mətbuat mədəniyyətdir, tarixdir, fəlsəfədir, əyləncədir, birlikdir, tanınmaqdır, tanıtmaqdır və neçə-neçə rolu üzərinə götürən böyük bir dəyərdir.

Bu dəyərlərlə Azərbaycan Jurnalistikası milli mətbuatın 150 illiyində də əldə olunmuş uğurlarını inkişaf etdirib, cəmiyyətimizin tərəqqisi və xalqımızın xoşbəxt gələcəyi üçün bundan sonra da öz səylərini əsirgəməyəcək.

Bir sözlə  “Əkinçi”nin Zəfər yolu davam edir!

 Məhz Milli mətbuatımızın 150 illik yubileyi barədə Cənab Prezident İlham Əliyevin 25 aprel 2024-cil tarixli sərəncamı da göstərdi ki, bu gün tək “Əkinçi”nin deyil, 150 illik milli mətbuatın bayramıdır. Eləcə də bu bayram yalnız Azərbaycan mətbuatının 150 illik tarixinə nəzər salmaq deyil, inkişaf üçün dərs və ilham mənbəyidir.  

Bu gün Azərbaycan mətbuatında varislik estafetini əsas tutan,  “Əkinçi” mədəni irsinin daşıyıcısı olmaqla yenilənmiş, zamanla ayaqlaşan, müasir qiyafədə onlarla media qurumları var. Muxtar respublikada fəaliyyət göstərən  “Naxçıvan televiziyası”, “Şərq qapısı” qəzeti də bu sırada öz prinsipləri ilə illərdir seçilir. Fəaliyyətləri dövründə jurnalistikamızın obyektivlik, qərəzsizlik, milli şüur və vətənpərvərlik kimi prinsiplərini əsas tutan, qocaman bu iki media qurumu başda olmaqla bütün həmkarlarımızı təbrik edirik.  

Hansı logo altında çalışmağımızdan asılı olmayaraq imzamız hər zaman seçilənlərdən olsun!

Kifayət MAHMUDOVA
Telejurnalist