
Heydər Əliyev və müstəqil Azərbaycanın ilk konstitusiyası
Ta qədim zamanlardan Azərbaycan keşməkeşli tarixi hadisələrin məkanı olaraq minillikləri, əsrləri geridə qoyaraq bu günə doğru əzmlə, mətanətlə, əziyyətlə irəliləyərək, müstəqilliyini, ərazi bütövlüyünü bərqərar etmişdir. Xaotik hadisələrin əskik olmadığı tariximizdə son dövrlərin hadisələrinə bir nəzər salaq. 90-cı illər, baş verən müstəqillik, azadlıq yanğısı ilə tutuşan bir millətin üsyan bayrağı ilə dünyaya səs saldığı hadisələrlə başlayır. Xalqın qanı bahasına qazanılan azadlıq, idarəçilik sistemi zəif olan bir hakimiyyətin əlində süquta doğru addımlayırdı. Xalq yenə də öz seçimində yanılmadı. Bu səfər isə özlərinə doğru sərkərdə, düzgün rəhbər seçmək üçün ayağa qalxdı. Dünya siyasi arenasına siyasi ideologiyası ilə səs salmağı bacaran, keçmiş SSRİ-nin öndə gedən siyasətçilərindən olan Heydər Əliyevin Azərbaycanın rəhbəri olmağı üçün ayağa qalxdılar. Xalqın istəyi, arzusu ilə Azərbaycan öz xilaskarına qovuşdu. Keçən uzun zaman ərzində bir çox uğurlu addımlar atıldı. Bunlardan ən ümdəsi isə yeni qanunun, yeni Konstitusiyanın yaradılmağı idi. Azərbaycan dövlətinin keşməkeşli tarixi inkişafında ilk müstəqil Konstitusiyanın yaradıcısı, müəllifi görkəmli tarixi şəxsiyyət Ulu Öndər Heydər Əliyev olmuşdur.
Burada xüsusi olaraq qeyd etməliyik ki, Heydər Əliyev hələ 1978-ci ildə qəbul edilmiş Azərbaycan SSR Konstitusiyasına digər sovet respublikalarında tətbiq edilməmiş 73-cü maddənin daxil edilməsinə şəxsi təşəbbüsü və ən əsas milli ruhunun diktəsi ilə əsl fədakarlıq və qəhrəmanlıqla nail olmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. Heydər Əliyevin bu təşəbbüsü 21 aprel 1978-ci ildə qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapmışdır. Ulu Öndər bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qorumuşdur.
Heydər Əliyev yeni Konstitusiyanın tarixi əhəmiyyəti barədə 12 noyabr 1995-ci ildə Konstitusiya layihəsini hazırlayan komissiyanın iclasında demişdir: "Haqqım var deyəm ki, çox zəhmət çəkmişəm. Hər bir kəlmənin, hər bir sözün mənasını dəfələrlə araşdırmışam, onun bu gün üçün, gələcək üçün nə qədər əsaslı olmasını dəfələrlə təhlil etmişəm. Mən çox rahatlıq hissi ilə bu layihənin altından imza atıram və bu layihəyə görə tam cavabdeh olduğumu bu gün bəyan edirəm. Hesab edirəm ki, biz Azərbaycanın bu günü, gələcəyi üçün çox böyük bir sənəd - siyasi, hüquqi sənəd yaratmışıq".
Komissiyanın üzvləri 6 ay fəaliyyət göstərərək lahiyənin üzərində böyük səylə çalışdılar. Bu müddət ərzində komissiyanın bütün üzvlərinin iştirakı ilə səkkiz iclas keçirildi və nəhayət ki, 1995-ci il noyabr ayının 12-də konstitusiya layihəsi referenduma çıxarıldı və xalq səsverməsi yolu ilə seçildi. Qəbul olunan konstitiusiya layihəsi indiyə qədərki bütün layihələrdən fərqlənirdi. Ən birinci səbəb müstəqil Azərbaycanın müstəqil şəkildə özü üçün seçdiyi bir qanun idi. Heç bir ölkə tərəfindən idarə olunmayan tam müstəqil bir komissiya tərəfindən hazırlanıb işlənmişdir. Bu konstitusiya Azərbaycan Respublikasında hüquqi demokratik, dünyəvi dövlətin qurulması üçün bütün hüquqi əsasları yaradır. Bütün maddələri xalqın iradəsini ifadə edən bu sənəddə hakimiyyətin mənbəyi xalqdır deyə bildirilir. İdarəetmə forması, hakimiyyətlər bölgüsü tam demokratik prinsiplər əsasında öz əksini tapıbdır.
Keçmiş sovet konstitusiyalarından fərqli olaraq, müstəqil Azərbaycanın Konstitusiyası insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi bəyan etdi. Hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi. İnsan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifə olaraq qoydu. Təsadüfi deyil ki, şəxsiyyətin toxunulmazlığı, insan həyat və sağlamlığının qorunması, layiqli həyat səviyyəsinin təmin olunması, humanizm və insanpərvərlik prinsipləri Azərbaycan Konstitusiyasının başlıca mahiyyətini təşkil edir. 5 bölmə, 12 fəsil, 158 maddədən ibarət Konstitusiyada insan hüquq və azadlıqlarına geniş yer verilməsi ölkəmizin demokratiya ideallarına sadiqliyinin göstəricisidir.
Ölkəmizin sürətli inkişafı nəticəsində yeni dövrün tələblərinin yaratdığı zərurətlə əlaqədar Azərbaycan Konstitusiyasına bir neçə dəfə əhəmiyyətli dəyişikliklər və əlavələr edilib. 2002-ci il avqustun 24-də referendum yolu ilə Konstitusiyanın 24 maddəsində 29, 2009-cu il martın 18-də isə 25 maddəyə 30-dan artıq əlavə və dəyişiklik olunub. Bu dəyişikliklər Azərbaycan dövlətinin sosial-iqtisadi bazasının daha da güclənməsindən, vətəndaşların hüquq və azadlıqlarına daha etibarlı təminat verilməsindən, sosial dövlət prinsiplərini təsbit etmək imkanlarının daha da genişlənməsindən irəli gəlirdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyaya üçüncü dəfə əlavələr və dəyişikliklər edilib. Konstitusiyanın 29 maddəsinə edilən 41 əlavə və dəyişiklik müxtəlif sahələri əhatə etməklə, ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquqları və azadlıqlarının daha səmərəli təmin edilməsinə, hüquq və azadlıqların müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətinin artırılmasına yönəlib.
Beləliklə, Azərbaycan Respublikasının Konstitusiyasına edilən əlavə və dəyişikliklər nəticəsində Əsas Qanunumuz daha da təkmilləşdirilərək yeni dövrün tələblərinə uyğunlaşdırılıb.
Dövlətimizin dünyaya səs salan, 44 günlük Vətən müharibəsində qazanılan Qələbəsi sayəsində dövlətimizin Əsas Qanununun hüquqi qüvvəsi işğaldan azad edilmiş bütün torpaqlarımızda da bərpa olundu, Konstitusiyada təsbit edilmiş hüquqların tam şəkildə bərpası üçün real zəmin yarandı.
Kəmalə TAĞIYEVA
Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin əməkdaşı