Azərbaycanda mülki və inzibati işlər tam elektronlaşdırılacaq

Azərbaycanda mülki və inzibati işlər tam elektronlaşdırılacaq

20 Fevral 2026

Azərbaycanda mülki və inzibati işlər tam elektronlaşdırılacaq.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Ali Məhkəmənin Mülki Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Sənan Hacıyev Azərbaycan Hakimlərinin II Forumunda deyib.

Onun sözlərinə görə, bununla bağlı layihə hazırlanıb, hazırda müvafiq orqanlarla razılaşdırma mərhələsindədir.

S.Hacıyev həmçinin bildirib ki, rəqəmsallaşma prosesində bir çox konstitusion tələblər var:

"10 ildən artıq ki, elektron məhkəmə sistemində yeniliklər aparılsa da, müəyyən işlər hələ də qalır. Bu gün ən çətin mərhələ inzibati və mülki işlər üzrə tam elektronlaşdırılmaya keçidlə bağlıdır".

O qeyd edib ki, elektron məhkəmə sistemi çərçivəsinə kağız sisteminin tam dayandırılması nəzərdə tutulur.

"Tam elektron keçid qarşıda perspektivlər vəd edir. İlk növbədə məhkəmə iclaslarınln onlayn formada keçirilməsinə imkan verəcək. Vətəndaşların müxtəlif bölgələrdən məhkəməyə gəlməsinin qarşısını alacaq. Bu həm də hakimlərin iş yükünün azaldılmasına da xidmət edəcək. Həmçinin tam elektorn bazaya keçid zamanı datanın formalaşması süni intellektin tətbiqinə də şərait yaradacaq".