Azərbaycanın ABŞ-dakı səfirliyi Vaşinqtondakı insidentlə bağlı bəyanat yayıb
Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyi 19 fevral 2026-cı il tarixində Vaşinqton şəhərində baş vermiş insidentlə bağlı bəyanat yayıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bəyanatda bildirilir ki, fevralın 19-da bir qrup etirazçı Vaşinqtondakı "Waldorf Astoria" hotelinin qarşısında təxribat xarakterli hərəkətlər edib.
Hadisə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ-a səfəri və Sülh Şurasının ilk iclasında iştirakı çərçivəsində baş verib.
Məlumata görə, Prezidentin korteji hotelə yaxınlaşarkən etirazçılar mühafizə olunan əraziyə zorla daxil olmağa cəhd göstərib və Prezidentin nəqliyyat vasitəsinə qarşı təhqiramiz hərəkətlər ediblər. Həmçinin Azərbaycanın rəhbərliyinə qarşı nalayiq ifadələr səsləndirilib.
Səfirliyin açıqlamasında qeyd olunur ki, Prezidentin Mühafizə Xidməti qorunan nəqliyyat vasitəsinə fiziki müdaxilə və ya hərəkətin qarşısının alınması cəhdlərini ciddi təhlükəsizlik riski kimi qiymətləndirərək dərhal müdaxilə edib. Görülən tədbirlərin yalnız təhlükəsizliyin təmin edilməsinə yönəldiyi vurğulanır.
Bəyanatda həmçinin ABŞ Məxfi Xidmətinin ictimai açıqlamasına istinad edilərək hotel ərazisinin rəsmi təhlükəsizlik perimetrinə daxil edildiyi bildirilib.
Səfirlik təhlükəsizlik tədbirlərinin təhrif olunması və əsassız iddiaların yayılması cəhdlərini qəti şəkildə rədd etdiyini bəyan edib. Qeyd olunub ki, Azərbaycan təhlükəsizlik əməkdaşları hər zaman ev sahibi ölkə ilə sıx koordinasiya şəraitində fəaliyyət göstərirlər.
Sonda məsuliyyətli məlumatlandırmaya çağırış edilərək, təsdiqlənməmiş iddialar əsasında nəticələr çıxarılmamasının vacibliyi vurğulanıb.








