Ötən il gömrük orqanları məhkəmə işlərinin 83 %-dən qalib çıxıb

Ötən il gömrük orqanları məhkəmə işlərinin 83 %-dən qalib çıxıb

20 Fevral 2026

Azərbaycan məhkəmələri ötən il gömrük sahəsində yaranmış mübahisələrlə bağlı 587 işə baxıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədr müavini Güloğlan Muradlı Bakıda keçirilən "Azərbaycan Hakimlərinin II Forumu"nda bildirib.

Onun sözlərinə görə, bu işlərin 83 %-i gömrük orqanlarının xeyrinə həll olunub, qalan 17 % hallarda qarşı tərəfin xeyrinə qərar çıxarılıb.

"587 işin 55 %-i ümumi məsələlərlə əlaqədardır. Burada əmək münasibətləri, pensiya ilə əlaqədar məsələlər, digər ümumi xarakterli məsələlər olduğuna görə və burada həm məhkəmələrin, həm də icraçı orqanların kifayət qədər təcrübəsi olduğuna görə bu məsələ üzərində dayanmaq istəmirəm. Digər 45 % sırf gömrük sahəsində, inzibati hüquqi münasibətlərdən yaranan mübahisələrlə əlaqədar olub. Bu işlərin də 80 %-i yalnız iki məsələ ilə əlaqədar olub - gömrük dəyərinin müəyyən olunması və xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, yəni kodların müəyyən edilməsi. Bunlarda da gömrük orqanlarının məqsədi gömrük ödənişlərinin tam şəkildə toplanıb büdcəyə köçürülməsi, qarşı tərəfin məqsədi isə hansısa bir şəkildə o ödənişlərdən yayınmaqdır. 587 işdə bəlkə də 90 % dəyər tutumu bu iki məsələ üzərində formalaşır", - deyə sədr müavini qeyd edib.

Onun sözlərinə görə, Komitə məhkəmələrdə baxılan işlər üzrə bir qayda olaraq cavabdeh qismində çıxış edir: "Mən Ali Məhkəməyə, onun İnzibati Kollegiyasına minnətdardlıq etmək istəyirəm. Bir sıra məhkəmə təcrübəsinin unifikasiyalaşdırılması nəticəsində qəbul edilmiş qərarları misal göstərmək olar. Məsələn, onlardan biri Ali Məhkəmənin plenumu səviyyəsində gömrük ödənişlərində düzəlişlərin edilməsi barəsində bildirişin inzibati akt statusunda tanınması barədə qərardır. Gömrük ödənişlərinin geri qaytarılması ilə əlaqədar tələblərə dair qərar bizə imkan verdi ki, xeyli sayda təkrarlanan mübahisələrin qarşısını ala bilək. Bu qərarlar bizə istiqamət verdi, hüquqi mövqe yaratdı ki, bu məsələlər barəsində hüquqi əsaslandırmanı daha mötəbər platformada həyata keçirə bilək".

Bundan başqa, gömrük rəsmisi deyib ki, onların qarşılaşdığı digər çətinliklər gömrük işinin xüsusiyyətlərindən irəli gəlir: "Gömrük işi sahəsində yaranan inzibati hüquq münasibətləri həddən artıq çoxşaxəlidir, mürəkkəbdir. Bu da gömrük orqanlarının üzərinə düşən vəzifələrdən irəli gəlir. Onlar gömrük sərhədindən keçirilən bütün mallar, nəqliyyat vasitələri, şəxslərlə əlaqədar təkcə gömrük nəzarətini deyil, o cümlədən dövlət nəzarətinin bir çox növlərini: baytarlıq, fitosanitar, sanitar, ixrac, valyuta və digər nəzarət növlərini həyata keçirir. Bunların məqsədi əsasən gömrük ödənişlərinin tam şəkildə toplanaraq dövlət büdcəsinə köçürülməsi və təhlükəsizliyin təmin olunmasıdır. O cümlədən iqtisadi təhlükəsizlik, milli təhlükəsizlik, əhalinin təhlükəsizliyi, ekoloji təhlükəsizlik və s. Ona görə də burda yaranan ictimai münasibətlər çox dinamikdir, dəyişkəndir, çoxşaxəli və mürəkkəbdir".