Naxçıvan DOST Mərkəzinin təmir-tikinti işləri davam etdirilir
Yeni DOST mərkəzlərinin, filial və məntəqələrinin yaradılması bu il də əsas hədəflər sırasındadır və DOST xidmətləri şəbəkəsinin ölkəboyu genişləndirilməsi sahəsində növbəti addımlar atılacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə, bu barədə DOST Agentliyinin Müşahidə Şurasının iclasında bildirilib.
Şuranın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev vurğulayıb ki, Prezident İlham Əliyevin tapşırığına əsasən son illər aparılan sosial islahatların mühüm uğurlarından biri olan DOST modeli dövlət sosial xidmətlərinin “bir pəncərə”dən, innovativ yanaşmalar əsasında, çevik və tam şəffaf şəkildə göstərilməsini təmin edir. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası mötəbər beynəlxalq qurumlar tərəfindən xüsusi mükafatlara layiq görülüb və bu gün bir sıra ölkələr DOST təcrübəsinə böyük maraq göstərir.
Qeyd edilib ki, 2019-cu ildən Bakı və bölgələrdə 7 DOST Mərkəzi, 2 DOST filialı, “Smart DOST” məntəqəsi və 2 DOST məntəqəsi istifadəyə verilib. İşğaldan azad edilmiş ərazilərə köçürülən sakinlərin DOST xidmətlərindən faydalanması üçün Qarabağ Regional DOST Mərkəzi, habelə Zəngilanda “Smart DOST” məntəqəsi, Şuşa və Tərtərdə DOST filialları, Kəlbəcər və Füzulidə DOST məntəqələri açılıb.
DOST mərkəzlərində ötən dövrdə 4,2 milyon vətəndaşa xidmət göstərildiyi, xidmətlərdən məmnunluq səviyyəsinin 98,8 faiz olduğu diqqətə çatdırılıb. Hazırda Naxçıvan, Quba, Sabirabad, Sumqayıt, Gəncə və Masallıda da DOST mərkəzlərinin, habelə bir sıra bölgələrdə DOST filiallarının yaradılması üçün layihə, təmir-tikinti işlərinin davam etdirildiyi qeyd edilib.
DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov agentliyin və tabeli qurumların ötənilki fəaliyyəti və 2026-cı il üzrə strateji hədəflərinə dair məlumat verib.
İclasda DOST xidmətləri sahəsində görülən işlər və qarşıda duran hədəflər müzakirə olunub.









