Azərbaycanın yeniyetmə cüdoçusu Avropa çempionu oldu
İspaniyanın Las-Palmas-de-Qran-Kanariya şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatının ilk yarış günü millimiz üçün uğurlu alınıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, yığma günü 2 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vuraraq 43 ölkə arasında komanda hesabında ilk pillədə qərarlaşıb.
Zəhra Quliyeva (-40 kq) finalda Macarıstan təmsilçisi Nora Pirbus-Qrofu tam üstünlüklə məğlub edərək Avropa çempionu olub.
Oğlanların -50 kq çəki dərəcəsində isə Azərbaycan finalı baş tutub. Nihad Ağayev həlledici görüşdə komanda yoldaşı Fərid Rzazadəyə qalib gələrək qızıl medal qazanıb. Fərid Rzazadə isə qitə birinciliyinin gümüş mükafatına yiyələnib.
İbrahim Talıbov (-55 kq) bürünc medal uğrunda görüşdə Ukrayna təmsilçisi Vitali Lixohlyada qalib gələrək fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Günün son medalını Könül Eyvazlı (-48 kq) qazanıb. Cüdoçumuz üçüncü yer uğrunda qarşılaşmada italiyalı Aurora Montalbanodan üstün olaraq Avropa çempionatının bürünc medalına sahib çıxıb.
Qeyd edək ki, yarış iyulun 2-dək davam edəcək. Azərbaycan millisi növbəti yarış günlərində müxtəlif çəki dərəcələrində və qarışıq komanda yarışında mübarizəsini davam etdirəcək.








