Naxçıvanda dövlət proqramlarının icrasına nəzarət Prezidentin Səlahiyyətli Nümayəndəliyinə verildi
Azərbaycan Prezidenti tərəfindən imzalanan Fərmanla "Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi haqqında Əsasnamə"yə mühüm dəyişikliklər edilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, dəyişikliklərə əsasən, Prezidentin Səlahiyyətli Nümayəndəliyi Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının, strategiyaların, milli fəaliyyət planlarının və konsepsiyaların layihələrinin hazırlanmasında iştirak edəcək.
Bundan əlavə, nümayəndəlik dövlət investisiya proqramına daxil edilən investisiya layihələrinin hazırlanmasına cəlb olunacaq və həmin proqram və layihələrin icrasına nəzarəti həyata keçirəcək.
Qeyd edək ki, bu dəyişikliklər Naxçıvanda dövlət proqramlarının icrasının daha səmərəli əlaqələndirilməsi və monitorinqinin gücləndirilməsi məqsədi daşıyır. Fərman 2026-cı il iyulun 1-dən qüvvəyə minəcək.








