Müasir qanunvericilik bazası üçün kompleks islahatlar hazırlanır

Müasir qanunvericilik bazası üçün kompleks islahatlar hazırlanır

29 İyun 2026

Müasir qanunvericilik bazasının formalaşdırılması istiqamətində kompleks islahatlar hazırlanır.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Rəqəmsal İnkişaf Şurasının ilk iclasında deyib.

O, rəqəmsal sahədə qanunvericilik üzrə islahatlar barədə Birinci vitse-prezidentə məlumat verib. Ş. Mövsumov Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Şurada müəyyən edilmiş strateji prioritetlərə və verilmiş tapşırıqlara uyğun olaraq müasir qanunvericilik bazasının formalaşdırılması istiqamətində kompleks islahatların hazırlandığını deyib. Vurğulayıb ki, bu, postsovet məkanında rəqəmsal ekosistemin inkişafı və tənzimlənməsi istiqamətində həyata keçirilən ən əhatəli və fundamental islahat təşəbbüsüdür.

Ş. Mövsumov islahatın əhatə etdiyi sahələrə toxunaraq bildirib ki, bunlar hüquqi müəyyənliyin təmini, rəqabətqabiliyyətli vergi mühitinin formalaşdırılması, innovasiyaların maliyyələşdirilməsi, elmi-tədqiqat və innovasiya təşviqləri, istedadların cəlb edilməsi, bazara çıxış imkanlarının genişləndirilməsi və kibertəhlükəsizlik sahəsində tənzimləmənin təkmilləşdirilməsidir.

O əlavə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri kimi rəqəmsal transformasiya ardıcıl şəkildə həyata keçirilir. Dövlət başçısının bu ilin fevralında imzaladığı Fərmanla Rəqəmsal İnkişaf Şurasının yaradıldığı və "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı"nın təsdiqləndiyi xatırladılıb.

Prezidentin köməkçisi bu islahatların mühüm cəhətlərindən biri kimi onların dünya təcrübəsinə əsaslandığını deyib, dəyişikliklər hazırlanarkən müxtəlif ölkələrin uğurlu modellərinin öyrənildiyini qeyd edib.