Bölmə rəisi: Nikahda qohumluq əlaqəsi xüsusi sistemlə yoxlanılacaq

Bölmə rəisi: Nikahda qohumluq əlaqəsi xüsusi sistemlə yoxlanılacaq

01 İyul 2025

Azərbaycan Respublikasının Ailə Məcəlləsinə mühüm dəyişiklik edilib. Milli Məclis tərəfindən 28 iyun 2024-cü il tarixində qəbul olunan qanuna əsasən, nikaha mane olan halların dairəsi genişləndirilib. Yeni dəyişiklik 2025-ci il iyulun 1- dən qüvvəyə minib.

Dəyişikliklərə görə, ümumi bioloji baba və ya nənəyə malik olan şəxslər – yəni əmioğlu-əmizadə, xalaoğlu-xalazadə, dayıoğlu-dayızadə, həmçinin bioloji qohum olan əmi (və ya dayı) ilə qardaş (və ya bacı) qızı, bibi (və ya xala) ilə qardaş (və ya bacı) oğlu arasında nikahın bağlanması qanunla qadağan edilir.

Ədliyyə Nazirliyinin Hüquqi şəxslər və vətəndaşlıq aktları bölməsinin rəisi Leyla Camalbəyovanın “NAXÇIVANXƏBƏRLƏRİ”nə verdiyi məlumata görə, nikaha daxil olmaq istəyən şəxslər arasında qanunla müəyyən edilmiş qohumluq əlaqəsinin olub-olmaması qeydiyyat zamanı xüsusi informasiya sistemi vasitəsilə yoxlanılacaq.

“Əgər bu informasiya sistemi ilə qohumluq münasibətlərini müəyyənləşdirmək mümkün olmazsa, nikah ərizəsinə nikaha daxil olmaq istəyən şəxslərin və onların valideynlərinin doğum haqqında şəhadətnamələrinin surətləri əlavə olunmalıdır"deyə Leyla Camalbəyova qeyd edib.

Yeni tənzimləmələrə əsasən, əgər nikaha daxil olmaq istəyən şəxslər arasında qanunla qadağan edilmiş qohumluq münasibəti aşkarlanarsa, həmin nikah dövlət qeydiyyatına alınmayacaq.

Qeyd edək ki, bu dəyişikliklər ailə institutunun möhkəmləndirilməsi və genetik sağlamlığın qorunması məqsədilə həyata keçirilir.

Mənsurə Hümbətova