
Komitə sədri: Naxçıvanda enerji təhlükəsizliyi sahəsində böyük işlər görülür
Naxçıvanda enerji təhlükəsizliyi sahəsində həyata keçirilən layihələr çox yüksək qiymətə layiqdir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu fikirləri Naxçıvan Dövlət Universitetində “Dövlət sektorunda audit” mövzusunda keçirilən təlim zamanı jurnalistlərə müsahibəsində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov bildirib.
O qeyd edib ki, bu təşəbbüslər muxtar respublikanın sosial-iqtisadi inkişafına ciddi töhfələr verəcək.
Komitə sədri həmçinin Naxçıvan Dövlət Universitetində təşkil olunan təlim proqramına da toxunaraq, bu təşəbbüsü muxtar respublikada kadr potensialının gücləndirilməsi istiqamətində atılmış mühüm addım kimi dəyərləndirib:
“Bugünkü tədbir, əslində, muxtar respublikada kadr təminatına yönəlib. Dövlət sektorunda audit çox mühüm bir sahədir. Azərbaycanın bir neçə aparıcı universiteti ilə bu istiqamətdə əməkdaşlıq həyata keçirilir və artıq Naxçıvan Dövlət Universitetində də növbəti bir uğura imza atılıb”, – deyə Azər Əmiraslanov qeyd edib.