"Elektron məhkəmə" sisteminin təkmilləşdirilməsi işləri yekunlaşmaq üzrədir

"Elektron məhkəmə" sisteminin təkmilləşdirilməsi işləri yekunlaşmaq üzrədir

20 Fevral 2026

Hazırda "Elektron məhkəmə" sisteminin təkmilləşdirilməsi işləri yekunlaşmaq üzrədir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri Kərəm Mansurov Azərbaycan Hakimlərinin II Forumu çərçivəsində baş tutan "Rəqəmsallaşma və süni intellektin tətbiqi" adlı panel müzakirədə deyib.

Onun sözlərinə görə, "Elektron məhkəmə" informasiya sistemi digər sistemlər kimi 4 amil üzərində qurulub: insan kapitalı, mövcud infrastrukturun yenilənməsi; bu sahədə hüquqi təminatın müasir tələblərə uyğunlaşdırılması və idarəetmə proseslərinin çevikliyi.

"2024-cü ilin noyabr ayında Məhkəmə-Hüquq Şurası Aparatında 10 ştatdan ibarət Rəqəmsal ədalət mühakiməsi və innovativ inkişaf şöbəsi yaradılıb və hazırda tam komplektəşdirilib. 2025-ci ilin aprel ayından "Elektron məhkəmə" informasiya sistemi ilə əlaqədar Çağrı Mərkəzi və aidiyyəti texniki problemləri həll edən Texniki dəstək qrupu fəaliyyətə başlayıb. Qlobal rəqabət mühitində informasiya sisteminin müasir tələblərə uyğun yeni versiyasının hazırlanması üzrə aparılan genişmiqyaslı işlər hazırda yekunlaşmaq üzrədir. Müvafiq auditlər, sınaq testləri və məhkəmə korpusu ilə keçiriləcək təlimlər uğurla tamamlandıqdan sonra yeni versiyanın istifadəyə verilməsi nəzərdə tutulur", Aparat rəhbəri qeyd edib.

O əlavə edib ki, bu günədək "Elektron məhkəmə" informasiya sisteminin şəxsi kabinet bölməsində 252 076 istifadəçi qeydiyyatdan keçib:

"Ümid edirik ki, aparılan islahatlar və görülən işlər nəticəsində yaxın zaman bu sayın dəfələrlə artacağının şahidi olacağıq".